"Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Evində kəlbəcərli ustad aşıqların və gənc ifaçıların iştirakı ilə tədbir keçirib.
Unikal.org xəbər verir ki, "Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması layihəsini 2018-ci ilin may ayından həyata keçirir. Artıq layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirilib.
Layihənin məqsədi Azərbaycanlıların tarixən məskunlaşdıqları Göyçə, Kəlbəcər və Laçından olan aşıqlara məxsus dastan ifaçılıq ənənəsini qorumaq,yazıya almaq və gələcək nəsillərə ötürməkdir.
Tədbirdə ustad aşıqlardan Aşıq Xalıqverdi Həmidoğlu, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Kəlbəcərli və başqaları çıxış edərək bildiriblər ki, aşıq sənətinin xalqımızın mədəni tarixində mühüm yeri var. Bildirilib ki, aşıq sənəti və dastançılıq ənənələri Kəlbəcər, Laçın və Göyçədən olan aşıqlar tərəfindən hər zaman inkişaf etdirilib və özünün orijinallığı ilə fərqlənib. Natiqlər vurğulayıblar ki, adı çəkilən mühitdə Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi azman sənətkarların dastançılıq ənənələri sonralar Dədə Şəmşir, Aşıq Umbay, Aşıq Cabbar, Qəmkeş Allahverdi kimi ustad sənətkarlar tərəfindən davam və inkişaf etdirilmişdir. Kəlbəcər aşıq mühitində xüsusilə ustad sənətkar Dədə Şəmşir həm dastan ifaçısı, həm də bir neçə dastanın yaradıcısı kimi tanınır.
Lakin təəssüflə qeyd edilib ki, bu gün həmin bölgələrdən olan insanların kompakt halda yaşamaması və eyni zamanda ustad sənətkarların dünyasını dəyişməsi nəticəsində bu sahə kifayət qədər araşdırılımır. Ona görə də bu məsələ diqqətdəsaxlanılmalıdır ki, həmin torpaqlar işğaldan azad edildikdən sonra da aşıq sənəti və eyni zamanda dastançılıq ənənələri inkişaf etsin. Çünki, adları çəkilən bölgələrin əhalisi tarixən ozan-aşıq mədəniyyətinin qorunmasında mühüm rol oynamışdır. Qeyd olunub ki, şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növü olan dastanlar mütləq şəkildə qorunmalı və gənc saz ifaçılarına bu sənətin incəlikləri aşılanmalıdır.
Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi qayğısından da bəhs ediblər. Onlar bildiriblər ki, məhz Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib.
Tədbirin sonunda sazda xalq dastanlarından nümunələr səsləndirilib və gənc aşıqlara Azərbaycan xalq dastanları haqqında məlumatlar verilib.