Narkomaniya
12:33 04-09-2012
İQTİSADİYYAT
Narkomaniya
Narkotiklərin insan orqanizminə təsiri
Narkomaniya - bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil.
Ən qorxulu xəstəliklər mənbəyi - narkomaniya
Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər. Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik "Hepatit B"dir (Hepatit B qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də "HİV" və "QİÇS" xəstəliyinə.
Ədəbsizlik, alçaqlıq
mənbəyi - narkomaniya
Qeyd etdiyimiz kimi, narkotiklərdən bir neçə dəfə istifadə ondan asılılığa səbəb olur. Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. İnsan artıq bir işlə məşgul ola bilmir. Sonrakı "doza" üçün hər növ alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür.
Narkotik orqanizmə düşdükdə:
o Tənəffüs azalır
o Ürəkbulanma, qaytarma baş verir
o Gözlərin bəbəkləri daralır
o Dərinin rəngi avazıyır və qaşınma olur
o Bədəndə mayenin yığılması və həzm sistemində pozğunluqlar nəticəsində qəbizlik əmələ gətirir
o Allergik reaksiyaların nəticəsində boğulma halları baş verir ki, bu da ölümlə nəticələnir
Narkomanlar üçün xarakterikdir:
o Dəyişkən əhval-ruhiyyə
o Əllərin əsməsi
o Tərləmə
o Zəiflik
o Yaddaşın pisləşməsi
o İradənin zəifliyi
o İntellektin azalması
o Nitqin pozulması
Narkomanlar bu maddələrə o qədər aludə olurlar ki, tələbatlarını bir müddət ödəyə bilmədikdə böyük problemlərlə qarşılaşırlar. Əgər bir sutkadan çox orqanizmə narkotik daxil olmursa, aşağıdakı vəziyyət nəzərə çarpır:
l Qıcolmalar
l Güclü əzələ ağrıları
l Qarında ağrılar
l Qaytarma
l Qarın işləməsi
l Əsəb gərginliyi
Beyin qabığını 7 dəqiqəyə məhv edə bilən güc - narkomaniya
Əgər narkoman narkotiki bir satıcıdan alırsa və birdən digər satıcıdan daha "təmiz mal" alırsa "daha çox doza" qəbul etdiyindən gərgin vəziyyətə düşür. Bu zaman baş beyinin qabığı 7 dəqiqədən sonra ölməyə başlayır. Əlbətdə, bütün qabıq birdən ölmür, bu, tədrici gedən prosesdir. Buna görə də bir çox narkoman hələ yaşamağa davam edir. Amma onlar natamam insan olurlar. Elələri olur ki, hərəkət edə bilmirlər, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyni ancaq fizioloji prosesləri idarə edir. Məsələn, onları yedirtdikdə yeyir, əşyalardan istifadə edə bilmir, danışa bilmirlər. Elə beləcə də illərlə ömür sürürlər.
Qeyd etdik ki, narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr də göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər.
Azərbaycanda 300 000 narkoman var...
Rəsmi məlumatlara görə, Azərbaycanda narkomanların sayı 23-25 mindir. Amma qeyri-rəsmi məlumatlar bu rəqəmin 300 minə yaxın olduğunu bildirilir. Həmçinin o da qeyd olunur ki, narkotikaya meyl edənlərin 35%-ni tələbələr təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan tələbəsinin kifayət qədər böyük hissəsi bu "virusa yoluxub". Bu isə, qorxuncdur. Acınacaqlı bir hal da budur ki, Azərbaycanda narkomaniya cavanlaşaraq, 13-14 yaşa keçib, lakin 20-25 yaş arasında kütləviləşmə daha çoxdur. Digər bir məlumata görə, Azərbaycana ildə 11 ton heroin daxil olur, onun 4 tonu Azərbaycanda, Gürcüstanda və ümumilikdə Qafqazda istehlak olunur.
Hal-hazırda Azərbaycan Respublikası Narkoloji dispanserində 18000 narkoman qeydiyatdadır. Müstəqil ekspertlərin rəyinə görə isə, narkomanların real sayı bu rəqəmdən 25 dəfə çoxdur.
Hər il dünyada
narkotiklərə 400 mlrd dollar pul xərclənir!
Aparılan hesablamalar göstərilir ki, hər il dünyada narkotiklərə 400 mlrd dollar pul xərclənir. Bu 400 mlrd dollar hər il 200 000 insanı öldürməyi bacarır.
BMT-nin "Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə" İdarəsindən (UNODC) 2008-ci ilə istinadən verilən məlumatlarda bildirilir ki, dünyada 15-64 yaş arası insanların 155-250 milyon nəfəri narkotikdən həyatında ən əzı bir dəfə istifadə edib. Təxminən 26 milyon insanin isə narkotikdən ciddi asılılığı var.
Kokain ən geniş yayılmış narkotik növlərindən biri sayılır. 2009-cu ilin statistikasına əsasən, Dünyada hər il 158 min hektar kokain becərilir. Bunun da təxminən "Andean bölgəsi" adandırılan üç ölkədə - 43%-i (68 min ha) Kolumbiya, 38%-i (59 min ha) Peruda, 19,5%-i (31 min ha) isə Boliviyada becərilir. Kokainin əsas marşrutu "Andean bölgəsi"-Meksika-ABŞ və "Andean bölgəsi"-Venesuela-Avropadır.
Şimali Amerika isə kokainin ən geniş istifadə olunduğu yer kimi məşhurdur. Statistika göstərir ki, bütün kokainin təqribən 40%-i Şimali Amerika vətəndaşları tərəfindən istifadə olunur. ABŞ ildə 165 ton, Meksika 17 ton, Kanada isə 14 ton kokain istehlak edir. Kokainin ikinci böyük bazarı Avropadır. Bu qitədə hər il ümumilikdə 124 ton kokain istehlak olunur. Burada ilk yerləri Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya və Fransa tutur. 2008-ci ilin statistikasına əsasən, Birləşmiş Krallıqda və İspaniyada kokainin istifadə nisbəti ABŞ-la müqayisədə daha çoxdur.
Kokainə 2008-ci ildə orta hesabla 88 milyard dollar pul xərclənib. Bunun da böyük bir hissəsini Şimali Amerika (37 mlrd $) və Avropa bazarı (34 mlrd $) təşkil edir. Amma onu da nəzərə alaq ki, bu, azalma göstəricisidir. Çünki 1995-ci ildə kokainə 165 mlrd dollar xərclənmişdi.
Herion digər bir geniş yayılmış narkotik növüdür. Onun əsas bazarı Avropa sayılır. Heroinin əsas marşrutu Əfqanıstan-Qazaxıstan-Rusiya və Əfqanıstan-Türkiyə-Cənubi Avropa-Birləşmiş Krallıqdır. Rusiya və Türkiyə istisna olmaqla, Avropada bütün heroinin 26%-i (88 ton) istehlak olunur. Təkcə Rusiyada 21% (70 ton) heroin istehlak olunur. Bununla yanaşı, Çində 13% (43 ton), ABŞ və Kanadada 6% (22 ton), Pakistanda 6% (19 ton), Hindistanda 5% (17 ton) heroin istehlak olunur. Avropada heroin istifadəsinə görə Birləşmiş Krallıq (21%), İtaliya (20%), Fransa (11%) və Almaniya (8%) öndə gəlir. Bunun tam əksinə olaraq, Çernoqoriya (18 kq), Bosniya-Hersoqovina (24 kq), Makedoniya (26 kq), Macarıstan (28 kq), Albaniya (75 kq), Avstriya (104 kq), Sloveniya (136 kq), Xorvatiya (153 kq) və Serbiyada (207 kq) heroinə meyllilik azdır.
Heroinə bir ildə 65 milyard dollar pul xərclənir. Ən çox pul xərcləyən bölgələr Avropa (16,9 mlrd $), Rusiya (14,3 mlrd $), ABŞ-Kanada (8,5 mlrd $) və Çindir (7,8 mlrd $). Heroinin bir kiloqramı Əfqanıstanda 3 000 $, Türkiyədə 10 300 - 11 800 $, Avropada isə orta hesabla 44 300 $ qiymətində satılır. BMT-nin araşdırmalarına görə, Avropada ən çox kokain qəbul edənlər Böyük Britaniyada yaşayır. BBC xəbər verir ki, İngiltərə və Uelsdə 860 min, Şotlandiya və Şimali İrlandiyada isə 140 min kokain aludəçisi yaşayır. Araşdırmalara görə, britaniyalılar arasında marixuana çəkənləri sayı azalsa da, kokain qəbul edənlər artmaqdadır. Baxmayaraq ki, kokainin qiymətləri artır.
BMT-nin narkotik və cinayətlər üzrə İdarəsinin hesabatını şərh edən "The Sun" qəzetinin yazdığına görə, Böyük Britaniyada 434 min adam heroin qəbul edir və bu da Avropada ən yüksək rəqəmdir.
Rza Kamil
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00