Rəbiyyət Aslanova: "Azərbaycan status-kvonu dəyişməyə qadirdir"
Rəbiyyət Aslanova: "Azərbaycan status-kvonu dəyişməyə qadirdir"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Bakı Dövlət Universitetinin "Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası"nın müdiri professor Rəbiyyət Aslanova Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı məsələyə tamam başqa konteksdən yanaşıb. Onun sözlərinə görə xalq iqtidar-müxalifətə bölünmədən Ramil Səfərovu Azərbaycana qaytaran Ali Baş Komandanın, prezident İlham Əliyevin siyasətinin təntənəsini etiraf və təqdir edir, ona minnətdarlıq etməyi vətəndaş borcu hesab edir.

Qarabağ uğrunda ədalət savaşının və əzminin, milli gücün bu günlərdə görünməmiş dərəcədə yüksəlməsi də yerli mediada gündəmin əsas mövzusunu təşkil edir. Bu hadisənin işıqlandırılmasında iqtidarlı-müxalifətli mətbuatın vahid mövqedən çıxış etməsi ərazi bütövlüyümüzün bərpasına indiyə kimi bu qədər aşkar olmayan nikbinlik və əminlik yaradır.
Azərbaycan xalqını yenilməz edən, ayrı-ayrı vətəndaşların əzmini milli gücə çevrildiyi günlərdə bir şeyi unutmamalıyıq: duyduğumuz fəxarətin, bu böyük anı bizə yaşadan qələbə siyasətinin qədrini, dəyərini nə qədər aydın dərk etsək, belə günlərimiz bir o qədər davamlı və dönməz olacaq. Məhz buna görə bəzi məqamlar üzərində dayanmaq istərdik:-"Ramil Səfərovun Azərbaycana qaytarılması qlobal gündəmi məşğul etməsi öz-özlüyündə bu hadisənin miqyas və mahiyyətini, əhəmiyyətini bariz şəkildə nümayiş etdirir. Ramil Səfərovun Azərbaycana qaytarılması haqq işimiz uğrunda mübarizənin - ən müasir tariximizin dönüş nöqtəsi oldu. Artıq ərazi bütövlüyümüzün təminatı üçün mövcud olan status-kvo dəyişdi.
Dövlətin, xüsusilə də müharibə gedən ölkədə hər bir uğur sərkərdənin, Ali Baş Komandanın xidmətidir. Ramili məhbəsdən azad edərək vətənə qaytaran, ədaləti təmin edən Ali Baş Komandan İlham Əliyev bununla müstəqillik dövründə haqsız cəlb olunduğumuz müharibədə, "nə sülh, nə müharibə" vəziyyətinin sonsuz olmadığını sübut edən dönüş nöqtəsini yaratdı. Artıq Ermənistanın sonsuza qədər sülh danışıqları adı altında gizlənərək status-kvonu dondurmaq ümidləri puça çıxdı. Qarabağın azadlığı uğrunda mübarizədə qəfil qələbənin onları hər an haqlaya biləcəyinin nə qədər real olduğunu aşkar etdilər...
Eyni zamanda, avqustun 31-də məlum oldu ki, bundan sonra heç nə əvvəlki kimi olmayacaq-inamımız da, gücümüz də. Qələbələr isə daha möhtəşəm olacaq. Çünki "Biz" kəlməsi düşüncələrə hakimdir.
Şübhələr inama çevrilir, nikbinliyimiz aşıb-daşır. Ramilin azadlığı simvolik olaraq Qarabağın azadlığı, qayıdışı isə Qarabağa qayıdış kimi qəbul edildi.
Müstəqilliyin ilk 20 illik mərhələsini adladığımız məqamda bu ən parlaq hadisə olmaqla yanaşı, eyni zamanda qələbələr tarixini yaradan çoxsaylı amilləri, ən başlıcası isə - "lider və siyasət" faktorunu bir daha dərin təhlil etməyi zəruri edir.
Yalnız bu halda məlum olur ki, qələbələr estafeti birbaşa müstəqillik haqda bəyannamədən "öz-özünə" yaranan, fərmanla verilən status olmayıb, lider-xalq vəhdətinin, mürəkkəb və fədakar milli quruculuq proseslərin nəticəsidir. Bu Azərbaycanı müstəqil edən və onu inkişafını liderinə çevirən qələbələr estafetinin dönüş nöqtəsi, 20 ildə aparılan siyasətin, "Yalnız qalibiyyət!" prinsipinin növbəti bəhrəsidir.
Bəzi yazılarda Ramil Səfərovun vətənə dönüşünü təmin edən böyük fəaliyyətin sanki təsadüf olduğu, "prezidentin bu şəxsi missiyasının da yerinə düşməsi, yaxud seçkilər ərəfəsində etimad və dəstəyi qazanmağa hesablandığı" kimi məqamlar səslənir və təəssüf doğurur. Görünür, dövlət başçımızın "Siyasət vədlər vermək deyil, konkret işlər görmək, nəticələr deməkdir" qənaətinin mahiyyətini hamımızın sonadək dərk etməsi üçün onu dərin təhlil etməliyik.
Prezidentin missiyasından danışanlar bilməlidir ki, latın dilində "missiya" sözünün hərfi mənası "vəzifə" və "səlahiyyət" deməkdir. Ali Baş Komandan, dövlət başçısı öz səlahiyyətini qibtə ediləcək dərəcədə uğurla yerinə yetirdi.
Bu qələbənin labüdlüyü, yerinə düşməsi isə min dəfə ölçülüb-biçilən, proseslərin gedişini 100 dəfələrlə öncədən görə bilən, 2003-cü ildən üzü bəri zamanı və qazanılan bütün potensialı, ideya və resursları Azərbaycanın ərazi bütövlüyünün təminatına yönəldən siyasi lider faktoru ilə bağlıdır. Bəzən fərqində olmasaq da, Azərbaycanda qələbələr ənənəyə çevrilib.
Bundan əvvəl, çox uzağa getmədən ilk dəfə əldə edilən neçə qələbə - Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Prezident İlham Əliyevin milli qalibiyyətə xidmət edən siyasətinin bəhrələridir.
Hələ bu ildə xalq-lider birliyinin yenilməz olduğunu göstərən daha birini də xatırlayaq. Xocalı faciəsinin 20 illiyi ilə bağlı dünya miqyasında keçirilən anım tədbirində, ilk dəfə keçirilən ümumxalq yürüşündə dövlət başçısı İlham Əliyevin xalqın önündə yürüşə qatılanda dünyaya Qarabağ mesajını vermişdi.
Bu Dağlıq Qarabağ probleminin ağırlığını, status-kvonun dəyişməz olmadığını dünyaya çatdırmağın yollarından biri idi. Bu, o demək idi ki, Azərbaycan xalqı ümummilli məsələlərdə 2003-cü ildəki kimi sıx birləşməyi bacarır. Təkcə Ramilin vətənə döndüyü gün dörd qələbə xəbəri eşitdik. İlk dəfə Azərbaycan klubunun - "Neftçi"nin avrokubok oyunlarında qrup mərhələsinə vəsiqə qazanması, Türkiyədə qadınlarımızın ermənilər üzərində çaldığı möhtəşəm zəfər, London Paralimpiadasında qızıl medalla nəticələnən qələbələr və Ramilin azad edilməsi xəbəri".
Fuad