Vahid namizəd oyundur
Vahid namizəd oyundur

Müxalifət artıq gecikir

Azərbaycan Liberal Partiyasının lideri professor Lalə Şövkətin Ramil Səfərovun ekstradisiya və əfv edilməsininə münasibət bildirərək deyib ki, Ramil Səfərovun ailəsini təbrik edir. Ramilin vətənə qayıtması bizi hamımızı sevindirdi. Ümumiyyətlə, dövlət öz vətəndaşlarına həmişə sahib durmalıdır və Ramilin Macarıstandan Avropa konvensiyasına uyğun keçirilən ekstradisiyası sözsüz ki, iqtidarın təqdirəlayiq hərəkətidir. Ramil Səfərovun azad olunmasından sonra Azərbaycanla Ermənistan arasında müharibənin başlayacağı ilə bağlı fikirlərə isə xanım deyib ki, Ermənistan, müharibəyə gedəsi deyil.

O,daha sonra 2013-cü ilin prezident seçkilərinə toxunaraq deyib ki, hər seçki ilində ənənəvi aktivlik müşahidə olunur:-“ Mən bu yaxınlarda maraq üçün arxivdən 2007-ci ilin qəzetlərini vərəqləmişəm. İstəsəniz, siz də bunu edə bilərsiniz. Çox maraqlıdır. Heç nə dəyişməyib. Bugünkü kimi, vahid namizəd, müxalifətin birləşməsi, "kim birincidir?" mövzuları və çox da fərqlənməyən çıxışlar. Lakin, bildiyiniz kimi 2008-ci ildə müxalifət demokratik şəraitin olmaması, seçki komissiyalarının iqtidar və müxalifət arasında paritet əsasında formalaşmadığı üçün prezident seçkilərini boykot etdi. Deyin görüm, bu beş ildə bu yöndə nə dəyişib? Seçki qanunvericiliyində mütərəqqi dəyişiklər olublar, komissiyalar yenidən formalaşıblar, yoxsa demokratik mühit yaranıb? Heç biri! Bu o demək deyil ki, biz həmişə seçkiləri boykot etməliyik, yox. Lakin, biz müxalifət olaraq bu beş ildə birləşib nəyəsə nail olmalı idik. Hər halda bu gün 2013-cü ilin seçkilərini birmənalı proqnozlaşdırmaq mümkün deyil. Vəziyyət bir gündə də dəyişə bilər. Bu tək daxili vəziyyətlə deyil, həm də regionda çox mürəkkəb və təhlükəli vəziyyətlə bağlı ola bilər. Yaşayarıq – baxarıq”. Özünün namizədliyiniə gəldikdə isə bildirib ki, bu təbiidir. Hər partiyanın lideri prezidentliyə namizəddir. Lakin, yekun qərarı mən özüm verəcəyəm. Düşünürəm, qərar vermək üçün hələ tezdir. Əsası demokratik mühitin yaradılmasıdır. Seçkilər üç amildən asılıdır: demokratik qanunvericilik bazasından, demokratik şəraitdən, yəni sağlam rəqabət üçün yaradılan imkanlardan, və, nəhayət, seçki günündə səsvermənin şəffaflığından və səslərin düzgün sayılmasından. Ona görə də mən ilk öncə demokratik şəraitin yaradılmasının tərəfdarıyam. "Vahid namizəd" söhbəti artıq bir saqqız kimi hər seçkilərdə çeynənilir. Və bu "vahid" partiyanın namizədidir, iki partiyanın namizədidir, hansısa siyasi blokun namizədidir başa düşmək olmur. "Vahid namizəd" anlayışı yalnız birləşmiş müxalifətin seçimi ola bilər. Bu da Azərbaycan reallığında çox müşkül məsələdir, amma mümkünsüz deyil. Ümumiyyətlə, indiki vəziyyətdə hansı vahid namizəddən söhbət gedə bilər? Heç birləşmiş müxalifət də yoxdur. Bu müxalifətə sırınan oyunudur, həm gündəm lazımsız məsələlərə həsr olunsun, həm müxalifətdaxili münasibətlər gərginləşsin, həm də imkan olmasın ki, bütün demokratik qüvvələr həqiqətən birləşib ümumi strategiya üzərində bu iqtidara real güclü alternativ olsun. Yalnız birləşmiş demokratik qüvvələr milləti səfərbər edib demokratik dəyişiklərə nail ola bilər. Ümumiyyətlə, demokratik islahatların keçirilməsinə ya iqtidar özü gedir, ya da buna millət qərar verir və iqtidarı buna vadar edir. Millətin qərarı olmadan heç nə etmək mümkün deyil. Üçüncü yol da var, o da çevriliş və inqilabdır. Mən bunun tam əleyhinəyəm. Bütün bunları nəzərə alaraq, bu gün vahid namizəd məsələsi müxalifət üçün əhəmiyyətli olmamalıdır. Bu gün əsas məsələ özünü prezidentliyə namizəd elan etmək deyil, demokratiyaya nail olmaqdır. Bismark demişkən "məni sizin niyyətiniz maraqlandırmır, sizin imkanlarınız maraqlandırır". Yəni, özünü prezidentliyə namizəd kimi görən adamlardan kim bu gün bizi əmin edə bilər ki, toplanan səsləri qorumaq iqtidarındadır. Mən hələ 2010-cu ildə həm mətbuatda, həm də müxalifət liderləri ilə görüşlərimdə təşəbbüs irəli sürmüşdüm ki, bütün demokratik qüvvələr heç nəyə baxmayaraq, hərəkat halında birləşsinlər, ümumi strategiya işləsinlər və 2013-cü ilə qədər Azərbaycanda demokratik dəyişikliklərə nail olsunlar. Əfsuslar olsun ki, yenə də hərəsi öz yolu ilə getdi, həmişəki kimi. Və artıq deyərdim ki, gecikirik. Demokratik dəyişikliklər üçün mübarizə dərhal 2010-cu ilin parlament seçkilərindən sonra başlamalı idi.
Əli