Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə, hissə və bölmələrdə döyüş hazırlığı planına uyğun olaraq, praktiki məşğələlər və növbəti komanda-qərargah təlimi keçirilir.

Əlahiddə Ümumqoşun Ordudan Unikal.org-a verilən məlumata görə, üç pilləli və iki mərhələli olmaqla keçirilən növbəti komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr "Həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
Komanda-qərargah təliminin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində icrası həyata keçiriləcək.
Aviasiya bölmələrində keçirilən təlim-məşq uçuşları zamanı SU-25 hücum təyyarələri və Mİ-35 döyüş helikopterləri ilə yer hədəflərinə müxtəlif döyüş manevrlərindən hücum məşq etdirilib.
Tank bölmələri ilə kompleks məşğələlərdə tankçılarımızın sürücülük və atəş bacarıqları yoxlanılaraq qiymətləndirilib. Tankçıların Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda virtual olaraq mənimsədikləri vərdişlər, səhra şəraitində təşkil olunan praktiki məşğələlərdə daha da təkmilləşdirilib.