Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org  xəbər verir ki, dövlət başçısı ilk növbədə Binəli Yildırıma Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev Binəli Yıldırımın Baş nazir və digər vəzifələrdə çalışdığı dövrlərdə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, Bakı-Tbilisi-Qars layihəsinin reallaşması işinə öz töhfəsini verdiyini vurğulayıb.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən dövlət başçısı ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib. Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər. Prezident İlham Əliyev Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə də parlamentlərarası əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, ona bu vəzifədə uğurlar arzulayıb.

Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyi ifadə edib. Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluğunu bildirən Binəli Yıldırım qeyd edib ki, onun Azərbaycanda birinci dəfə 15 il bundan əvvəl olduğu dövrlə müqayisədə ölkəmiz çox böyük inkişafa nail olub və Azərbaycanın tərəqqisi Türkiyədə böyük sevinc hissi doğurur.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.

11:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.