Əkbər Hacıyevin ənənəvi "hazırlıq" taktikası
12:14 06-09-2012
İQTİSADİYYAT
Əkbər Hacıyevin ənənəvi "hazırlıq" taktikası
Qış gəlmədən Bakıda qaz problemi xəbəri gəlir, bəs "Azəriqaz" nə fikirləşir?
Bu günlərdə "Azəriqaz"da payız-qış mövsümünə hazırlığa başlandığı barədə məlumat yayıldı. Əslində bu, yeni məlumat deyil. Hər ilin yayın sonlarına doğru biz oxşar hazırlıq xəbərlərini oxuyuruq, elə ki, havalar soyumağa başlayır, əslində həmin "hazırlığın" nədən ibarət olduğu bütün çılpaqlığı ilə ortaya çıxır.
Uzağa getməyək, elə indidən paytaxtda qaz probleminin hətta isti aylarda da öz ciddiyyətini qoruduğu və qış barədə bəri başdan adamda təlaş yaradan xəbərlər səngimir. Məsələn, dünən biz bu yazını hazırlayarkən Ruhi Hacıyeva adlı Bakı sakinin saytların birindəki şikayət məktubuna rastladıq. Məktubda təbii qaz probleminə toxunulub.
Oxucu yazır: "Artıq bir neçə həftədir ki, 4-cü mikrorayon, Əli İsgəndərov 3 ünvanındakı binada qazla bağlı problemlər yaşanır. Qaz o qədər zəif gəlir ki, hamamın qızdırılması üçün yarım saat gözləməli oluruq. Hərdən qazın zəifliyi ucbatından heç hamamın kalonkasını yandırmaq mümkün olmur".
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəriqaz"ın Nəsimi rayon bölməsi ilə əlaqə saxlayıb. İdarənin baş mühəndisi Yusif Qocayev deyib ki, hazırda həmin ünvanda təbii qazın verilməsi ilə bağlı problem yoxdur. "Məsələ burasındadır ki, bir neçə gün öncə qaz xəttində sızma baş vermişdi. Bu problemin həlli üçün qazın təzyiqini bir qədər azaltmışdıq. Lakin indi hər şey qaydasındadır. Problem həll olunub", - o əlavə edib.
Buyurun, vətəndaş qazsızlıqdan gileylənir, "Azəriqaz" əməkdaşları isə öyrəndikləri ənənəvi fikri təkrarlayırlar: "Problem həll olunub, hər şey qaydasındadır".
İnsafən qeyd etmək yerinə düşər ki, "Azəriqaz" ARDNŞ-ə birləşdiyi ilk il Bakıda işıqla müqayisədə, qaz sarıdan bir o qədər də dəhşətli problemlər yaşanmamışdı. Amma ötən qış mövsümü "Azəriqaz"ın istər Bakının, istərsə də regionların istiliklə təchizatını üzərinə götürmək gücünün olmadığı bütün çılpaqlığı ilə ortaya çıxdı.
Xüsusən yanvarın ikinci yarısı və fevral ayı boyunca davam edən sərt soyuqlar zamanı "Azəriqaz" rəhbəri Əkbər Hacıyevi ortada görmədik; hörmətli Hacıyev jurnalistlər önünə çıxaraq soyuq günlərdə əhalinin rəhbərlik etdiyi qurumdan kəskin şikayətlərinə hər hansı münasibət sərgiləmədi. Əvəzində biz ARDNŞ-in tərkibinə keçən İstehsalat Birliyinin qışa yarımçıq hazırlığı ilə bağlı konkret faktlar və mülahizələrin şahidi olduq.
Məsələn, fevraldakı soyuqlar zamanı "Azəriqaz" İB havaların kəskin soyuması ilə bağlı hər gün daxili bazara rekord həcmdə qaz verdiyini bildirdi. Birliyin verdiyi məlumata görə, fevralın 1-də abunəçilərə (ölkə üzrə onların sayı 1,3 milyon nəfərdir) 27 milyon kubmetr qaz verilib. "Azəriqaz" qürurla bildirirdi ki, bu, tarixdə rekord göstəricidir.
Amma kəskin soyuqlar göstərdi ki, "Azəriqaz" qışa necə qeyri-peşəkar hazırlaşıb. Bu hazırlıq barədə 2011-ci ilin oktyabrında məlumat verilmişdi. O zaman ARDNŞ-in saytı magistral qaz kəmərlərində təmir işləri ilə bağlı rayonlara qaz verilməsinin dayandırılması barədə vaxtaşırı məlumatlar verdi və bu, qışa qədər davam etdi. Amma soyuqların kəskin vaxtı Qazıməmməd-Qazax xəttində qəza baş verdi, onun nəticələri bir neçə günə aradan qaldırıldı. Qəribə də olsa, İB-in baş direktorunun müavini Nazim Səmədzadə həmin vaxt ANS telekanalına müsahibəsində bildirmişdi ki, irimiqyaslı yanğınla nəticələnən partlayışa səbəb boru kəmərinin 70-ci illərdən bəri təmir edilməməsidir.
Başqa bir nümunə. Bakının bir sıra iri yaşayış məntəqələrində qaz təchizatında problemi olmayıb (bir sıra yeni binalarda qaz müvəqqəti kəsilib), amma borularda təzyiq elə az olub ki, (indi də elədir) qızdırıcı cihazlar işləməyib. İB-in mütəxəssisləri bunu belə izah edirlər ki, bu il magistralın bir hissəsini təmir edə biliblər. Ona görə yüksək təzyiqlə qaz vermək mümkün olmur.
Halbuki şaxtalı günlərdə Bakıda qaz istehlakının gündəlik 3 milyon kubmetr artırılması da mübahisəlidir. Verilən qazın təzyiqinin artması müşahidə edilməyib. Üstəlik də şaxtalı günlərdə təhsil və başqa müəssislərdə iş dayandırılıb ki, bu da istehlakın azalmasına gətirib çıxarmalıydı. Ona görə də həmin vaxt mətbuat birmənalı olaraq yazdı ki, "Azəriqaz"ın açıqlamaları reallığı əks etdirmir və demək olar ki, havadan götürülüb.
İndi İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqla bağlı növbəti "xəbər istehsalı"na başlayır və biz bu "hazırlıq"la bağlı yəqin ki, "Azəriqaz"dan hər ay bir neçə "ağızdolusu bəyanat" eşidəcəyik. Narahatlıq isə ondadır ki, Əkbər Hacıyevin qurumu soyuq aylarla bağlı hazırlıq taktikasını dəyişməsin, bu hazırlıq yenə də də daha çox formal və özünü işgüzar göstərmək xarakteri daşısın. Və biz qış mövsümündə yenə donmağa başlayaq...
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00