Azərbaycanda turizm şirkətlərinin fəaliyyəti normallaşıb
12:31 06-09-2012
CƏMİYYƏT
Azərbaycanda turizm şirkətlərinin fəaliyyəti normallaşıb
Azərbaycanda qiymətləri süni şəkildə aşağı salan (dempinq) bəzi turizm şirkətləri artıq bunu dayandırıblar. Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun sözlərinə görə, yay turizm mövsümünün əvvəlində bəzi turizm şirkətləri tərəfindən qiymətlərin süni şəkildə aşağı salınması ilə əlaqədar AzTA-ya müraciətlər edilmişdi. Aparılan araşdırmalar zamanı da dempinq faktları aşkarlanmışdı.
Bağırov əlavə edib: "Biz də buna görə bəzi şirkətlərə tövsiyə xarakterli məktublar göndərdik ki, belə işləmək olmaz. O şirkətlər bizim məktublarımızdan nəticə çıxardılar".
O deyib ki, builki yay turizm mövsümü hələ yekunlaşmayıb. Amma mövsümün sonlarında dempinqlə bağlı faktlar aşkar edilməyib.
Bağırov onu da əlavə edib ki, ötən ilə nisbətən builki mövsümdə həm ölkəyə gələn, həm də ölkədən gedən turistlərin sayı artıb. AzTA sədri bunu yeni çarter reyslərinin açılması ilə əlaqələndirib.
"Bu il Xorvatiyaya mütəmadi olaraq çarter reysləri yerinə yetirilirdi. Biz çarter reyslərinin sayını artıracağıq. Bu ilin sonuna, gələn ilin əvvəlinə kimi yeni çarter reysləri də olacaq", - Bağırov qeyd edib.
Naxçıvan Muxtar Respublikası Turizm və Ekskursiyalar Birliyinin direktoru Telman Sadiqovun sözlərinə görə, "Zaman-zaman Azərbaycanda turizmin rentabelli bir sektor kimi inkişaf etdirilməsi barədə ən müxtəlif tribunalardan ən müxtəlif məmurlar səviyəsində xeyli vədlər və planlar səslənsə də, bütün bunlar hələ də gerçəkləşməmiş vədlər və ya xəyallar olaraq qalır. Fikrmcə, bunun iki başlıca səbəbi var: birincisi, ölkədə iqtisadiyyat üçün turizm kimi faydalı və gəlirli bir sektorun inkişafı istiqamətində dövlət səviyyəsində düşünülmüş və proqram xarakterli addımlar atılmalıdır. Bunları etmək üçün turizmin ölkə iqtisadiyyatındakı mövqeyi və dövlət büdcəsinə gətirə biləcəyi pul vəsaitlərinin həcmi barədə aydın təsəvvür olmalıdır. Təsəvvür edin ki, dünyada bir çox dövlətlərin büdcəsinin gəlir hissəsi, əsasən, turizmdən əldə edilən maliyyə vəsaitlərinin hesabına formalaşır. Heç uzağa getməyək, qardaş Türkiyəni götürək. Rəhmətlik Turqut Ozalın dönəmində bu ölkədə turizmin inkişafı üçün işlənib hazırlanmış dövlət proqramı bu gün də xeyir gətirir və Türkiyənin dövlət büdcəsinin önəmli hissəsi məhz turizmdən qazanılan gəlirlərin payına düşür. Son zamanlar qonşu Gürcüstan da bu baxımdan maraqlı və ümidverici addımlar atmaqdadır".
Telman Sadiqovun sözlərinə görə, "Azərbaycanda turizmin ən müxtəlif növlərinin inkişafı üçün qonşu dövlətlərlə müqayisə olunmayacaq səviyyədə potensial imkanlar mövcuddur və çox təəssüf ki, bu imkanlardan lazımi şəkildə istifadə edilmir. Bizim şirkət zəvvar turizmi ilə məğul olduğu üçün mən əsasən bu sahədəki çatışmazlıqlardan və problemlərdən bəzilərini vurğulamaq istəyirəm. Məlum olduğu kimi, müsəlman ölkələrində zəvvar turizmi geniş yayılıb və bunun tarixi ənənələri mövcuddur. Qonşu İran İslam Respublikasında, Hindistanda, Pakistanda, Türkiyədə, ərəb dövlətlərində, Orta Asiya dövlətlərində turizmin bu növü çox geniş şəkildə yayılıb. Turizmin bu növü daha çox müqəddəs ocaqlarla, dini ziyarətgahlarla bağlıdır. Azərbaycan İslam məkanında barmaqla sayılacaq ölkələrdən biridir ki, rəvayətlərə görə, ölkəmizin ərazisində iki peyğəmbərin - Naxçıvanda Nuh peyğəmbərin və Beyləqan rayonunda Cərcis peyğəmbərin məzarları mövcuddur. İrana və Türkiyəyə zəvvar qrupları apararkən yerli əhali dəfələrlə bizlərə müraciət edərək bu məzarları ziyarət etmək niyyətində olduqlarını bildiriblər. Təəssüf ki, ölkə turizminin infrastrukturu əcnəbi zəvvarların bu müqəddəs istəklərini gerçəkləşdirməyə imkan vermir".
Direktorun dediyinə görə, "Azərbaycanda məşhur olan bir sıra müqəddəs ocaqlar - Əshabi-Kəhf, Babadağ ziyarətgahı, "Əliayağı" ocağı, İmam Museyi-Kazimin qızlarının dəfn edildiyi Bibiheybət və Nardaran məscidləri, imam övladlarının məqbərələri həmişə xarici müsəlmanların diqqət mərkəzində olub. Bununla belə, onların bu ocaqlara ziyarətlərini təşkil etmək bir sıra problemlər üzündən baş tutmur".
Telman Sadiqov sonda onu da vurğuladı ki, "Bir zamanlar Xəzər dənizi boyunca - Xaçmazdan Lənkərana qədər turizm zolağ yaradılacağı barədə söz-söhbətlər gəzirdi. Bu zona olduqca əzəmətli və dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilə bilərdi. Təəssüf ki, bu söz-söhbətlər elə söz söhbət olaraq da qaldı. Fikrimcə, dövlət büdcəsinin neft sektorundan asılılığını azaltmaqda turizm mühüm rol oynaya bilər".
Natiq
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49