"Prezident İlham Əliyevin Rusiyaya, Qırğızıstana və Xorvatiyaya səfərləri, həmin səfərlər çərçivəsində əldə olunan nəticələr onu deməyə əsas verir ki, ölkəmiz özünün ənənəvi və balanslaşdırılmış xarici siyasət kursuna sadiqdir. Bu siyasətdə Rusiya, türk dünyası və Avropa xətti aydın seçilir. Əsas məqam isə xarici siyasətimizin dəyişən dünyanın reallıqlarına uzlaşdırılmasıdır. Düşünürəm ki, dövlət başçımızın hər üç səfəri bu baxımdan mühüm tarixi hadisədir.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov Rusiya ilə Azərbaycan arasında son illər artmaqda olan iqtisadi və enerji sahəsindəki əlaqələrə diqqət çəkib. O bildirib ki, ötən ilin yekunlarına əsasən Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 2,5 milyarda çatıb. Rusiyanın Azərbaycana kapital qoyuluşunda, eləcə də birgə layihələrin hazırlanması və reallaşdırılmasında mühüm irəliləyişlər müşahidə edilməkdədir. Rusiyanın iri enerji şirkətləri Azərbaycanda uğurla fəaliyyətdədirlər. "Bütün bunlar təbii ki, yeni əməkdaşlıq şərtləri və imkanları deməkdir. Hesab edirəm ki, dövlət başçımızın Rusiya səfərindən əldə edilən nəticələr bu şərtlər və imkanlar üçün praktik zəmin yaratdı. Azərbaycan üçün Rusiya ilə əməkdaşlıq həm də rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsindəki həlledici mövqeyi kontekstində dəyərləndirilməlidir. Münaqişə nə qədər siyasi mahiyyət daşısa da, hesab edirəm ki, iqtisadi amillər də öz sözünü deyir. Bu baxımdan Rusiya ilə iqtisadi müstəvidəki əlaqələrin dərinləşməsinin zəruriliyi qənaətindəyəm, - deyə Ə.Amaşov vurğulayıb.
Azərbaycanın türk dünyasında lider mövqeyə sahibdir. Bu, həm siyasi, həm də iştisadi əhəmiyyət daşıyan statusdur. Deputat bu fikirdədir ki, Qırğızıstanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VI sammiti, eləcə də Prezident İlham Əliyevin sammitdə iştirakı, səsləndirdiyi mesajlar bu statusun həm qorunmasının vacibliyini təsdiqlədi, həm də yeni əməkdaşlıq üçün çağırış mahiyyəti daşıdı: "Türk dünyası ayrıca siyasi və iqtisadi platformadır. Biz ona dünyanın siyasi və iqtisadi mənzərəsindəki yeni, alternativ açılım kimi də yanaşa bilərik. Şübhəsiz, zaman keçdikcə bu platforma daha da güclənəcək. Azərbaycan Prezidenti çıxışında bu məqama diqqət yetirdi. Ümumən türk dünyası müstəvisindəki əməkdaşlığın regional və qlobal təhlükəsizlik üçün vacibliyini vurğuladı. Dövlət başçımız bu fikirləri ilə bir növ, çağırış edərək türk dövlətlərini real iş görməyə, real imkanları dəyərləndirməyə səslədi. Bu, son dərəcə mühüm məqamdır.
Azərbaycan Prezidentinin Xorvatiyaya səfərinə gəlincə, Ə.Amaşov vurğulayıb ki, burada başlıca məqam Xorvatiyanın köhnə qitədə hansı mövqedə dayanmasıdır. "Cənab İlham Əliyev Xorvatiyanın Azərbaycanla strateji tərəfdaşı olduğunu bəyan etdi. Ölkə NATO-nun və Avropa İttifaqının üzvüdür. Məlumdur ki, rəsmi Zaqreb Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində bizi hər zaman dəstəkləyib. Təbii ki, siyasi dəstəyin iqtisadi əməkdaşlıq üçün perspektiv tərəfləri var. Nəzərə alaq ki, Xorvatiya həmçinin "Cənub Qaz Dəhlizi ilə bağlı ölkəmizdə keçirilmiş toplantıların fəal iştirakçısıdır, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.(sia.az)