“Parlament partiyaları” payız sessiyasına hansı portfel”lə gedir?
11:19 07-09-2012
CƏMİYYƏT
“Parlament partiyaları” payız sessiyasına hansı portfel”lə gedir?
Ana Vətən dildən, Böyük Quruluş dənizdən nigarandır, BAXCP “qiyam” hazırlayır
Milli Məclis yay tətilindən qayıtdığı üçün artıq bəzi deputatlar payız sessiyasında qaldıracaqları təkliflər barədə düşünməyə başlayıb. Bəs, Parlamentdə təmsil olunan siyasi partiyalar necə, bu sessiyada hansı təklif və qanun layihələri ilə çıxış edəcəklər?
Parlamentdə təmsil olunan siyasi partiya rəhbərləri payız sessiyasına təqdim olunan qanun və təkliflər barədə danışıblar.
“Ana Vətən” ana
dillindən narahatdır
Ana Vətən Partiyası (AVP) sədri, deputat Fəzail Ağamalının isə qanunvericilik baxımından perlamentdə hansısa xüsusi bir təklifi olmayacaq. Onun fikrincə, Azərbaycan cəmiyyətin bütün tələblərini özündə əks etdirən qanunlar qəbul edilib. Lakin o, ayrı-ayrı qanunlara əlavə və dəyişikliklərin edilməsinin tərəfdarı olduğunu bildirdi:
“ Ola bilsin ki, cəmiyyətin inkişafı ilə bağlı müəyyən qanunlara yenidən yanaşmalar olsun. Bəlli olduğu kimi, biz bu yaxınlarda “Təhsil haqqında” qanunu qəbul etdik. Bununla yanaşı, elmlə bağlı qanun layihəsi müzakirəyə çıxarılmalıdır. Məncə, bu, son dərəcə vacibdir. Çünki elm bütün inkişafın başlıca göstəricisidir. Ona görə də biz bu sahəyə önəmli əhəmiyyət verməliyik. Qüvvədə olan qanunvericilik bazası günün tələblərinə cavab vermir. Digər tərəfdən, informasiya təhlükəsizliyi haqqında qanunvericilik bazasının yaradılmasına böyük ehtiyac var. Çünki informasiya təhlükəsizliyi bütövlükdə dövlət üçün ciddi məsələdir”. F.Ağamalı xüsusilə “Dövlət dili haqqında” qanuna əlavələrin edilməsinin vaciblliyini bildirərək, bu barədə parlamentdə məsələ qaldıracağını deyib. Onun sözlərinə görə, Azərbaycan dilinə ögey münasibət var:
“ Bu gün Bakıda dövlət dilimizin necə bərbad vəziyyətdə olduğu göz önündədir. Bütün reklamlar, bir sıra yerlərdə Azərbaycan dilinə etinasızlıq kimi hallar var. Buna sərt yanaşmaq lazımdır və eyni zamanda İnzibati Məcəlləyə bununla bağlı xüsusi maddələrin salınmasına ehtiyac var. Bundan başqa, məncə, siqaretin ictimai yerlərdə çəkilməsinə qarşı qanun sərtləşdirilməlidir. Bununla bağlı qanunvericilik bazası möhkəmləndirilməlidir. Düşünürəm ki, bu məsələlərin qarşıdan gələn payız sessiyasında müzakirəsinə ehtiyac duyulacaq və plenar iclasda sessiyanın işlər planına həmin məsələlərin əlavə eilməsi təklifi ilə çıxış edəcəyəm”.
Böyük Quruluş Partiyası
dənizə çıxış tələb edəcək
Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa bildirdi ki, onun payız sessiyasının işlər planında bir neçə təklifi var. O, xüsusilə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı təklifllə çıxış edəcək:
“Nəhayət bu məcəllənin qəbul olunması istiqamətində işlər görülməlidir. Bundan başqa Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması istiqamətində də təklifim olacaq. Eyni zamanda “Sığorta haqqında” qanunun müddəalarına yenidən baxılması vacibdir. Bildiyiniz kimi, məcburi tibbi sığorta məsələsinin icrasında ciddi problemlər var və bunula bağlı məsələ qaldırmağı düşünürəm. Ayrı-ayrı vətəndaşların, xüsusilə pensiyaçıların məvaciblərinin qaldırılması istiqamətində hökumət tərəfindən konkret addımlar atılmasını tələb edəcəyəm”.
F.Mustafa Xəzər dənizinin ətrafının hasarlandığını və bunun nəticəsində insanların dənizə çıxışının məhdudlaşdırıldığını qeyd edərək, bu məsələnin də mütləq öz həllini tapmasını vacib hesab edir. Dediyinə görə, problemin həlli üçün yeni qanun layihəsi hazırlanıb:
“Xəzərin hasarlanmasına, ümumiyyətlə, dənizə gedən yolun bağlanmasına görə, cinayət məsuliyyəti müəyyən olunması barədə bir qanun layihəsi təqdim edəcəyəm”.
BAXCP dövlət
qurluşunun
dəyişdirilməsini
təklif edəcək
Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyir ki, siyasi partiya kimi Azərbaycanda ən mühüm qanun layihəsini parlamentdə müzakirəyə çıxarılması üçün təşəbbüs göstərilib. Onun sözlərinə görə, həmin qanun layihəsində ölkənin dövlət qruluşunun dəyişdirilməsi öz əksini tapıb:
“Burada ölkənin parlament üsul idarəsinə keçilməsi haqqında təkliflər irəli sürülüb. Bu qanuna görə, seçkidə qalib gəlmiş partiya hökuməti formalaşdıracaq. Biz təklifi Milli Məclisə təqdim etmişik və guman edirik ki, payız sessiyasında müzakirəyə çıxarılacaq və komissiyalarda müzakirədən keçib ratifikasıya üçün icazə veriləcək”.
Sədr müavini onu da bildirdi ki, qanun layihəsi BAXCP-nin ekspertləri tərəfindən hazırlanıb. Daha sonra Milli Məclisdə təmsil olunan 4 partiyanın- Böyük Quruluş, Ədalət, Vətəndaş Həmrəyliyi və Xalq Cəbhəsi Partiyaları adından təkrar parlamentə təqdim olunub. N.Orduxanlı bu gün Azərbaycanda siyasi partiyaların inkişafı üçün konstitusiya islahatlarına ehtiyac olduğunu və ölkənin daha da demokratikləşməsində bu qanunun qəbul olunmasını vacib hesab edir.
Ədalət Partiyasının layihəsi Milli Məclisdədir
Ümid Pariyasının sədri İqbal Ağazadə isə deyir ki, gündəliyə hansı məsələlərin çıxarılmasını demək hələki tezdir. Ona görə də bunu ayın 15-də bizə təqdim olunacaq gündəliyə əsasən demək olacaq.
Bunu əvvəlcədən deməyin mümkün olmadığını söyləyən Ədalət Partiyasının sədri İlyas İsmayılov bir çox qanun layihələri təklif etdiyini bildirdi. Millət vəkilinin sözlərinə görə, təəssüf ki, həmin qanun layihələri müzakirəyə çıxarılmadı:
“Bir neçə dəfə qanun layihəsi vermişəm. Təəssüf ki, həmin qanun layihələri müzakirəyə çıxarılmayıb. Məsələn, “Vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı” qanun layihəsini irəli sürmüşdüm amma müzakirəyə çıxarılmadı. Əvvəllər təklif etdiyim məsələləri bu dəfə də Milli Məclisin payız sessiyasında yenidən qaldıracam”.
Gültəkin ƏLƏSGƏR
Digər Xəbərlər
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25
2024-12-24 14:54:37
2024-12-24 14:45:07