Sentyabrın 26-da Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun R. Rüstəmov küçəsi 16, 18, 20, 22 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Unikal.org xəbər verir ki, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi nümayəndələri, rayonun xidmət sahələri rəhbərləri, həmçinin rayon sakinlərinin iştirak etdiyi qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar icra başçısı Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların girişlərinə dəmir qapıların qoyulması, istilik xətlərinin və dam örtüklərinin təmiri, məhəllədə su kranının qoyulması, ağacların budanması, zirzəmilərin dezinfeksiya edilərək təmizlənməsi, məhəllədəki xeyir-şər evinə su, işıq və qaz sayğaclarının qoyulması və s. məsələlərlə bağlı problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb.

Müraciətlərin bir qismi yerindəcə həll edilib, digərləri isə əlavə araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq konkret tapşırıqlar verilib.