Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun R.Rüstəmov küçəsi 16, 18, 20, 22 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Unikal.org xəbər verir ki, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi nümayəndələri, rayonun xidmət sahələri rəhbərləri, həmçinin rayon sakinlərinin iştirak etdiyi qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinləri salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə yüksək nailiyyətlər əldə edildiyini, eyni zamanda, Nizami rayonunda da hərtərəfli inkişaf üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini bildirib, eyni zamanda əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. A.Qasımov cənab İlham Əliyevin tapşırığı ilə yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını diqqətə çatdırıb.

Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların girişlərinə dəmir qapıların qoyulması, istilik xətlərinin və dam örtüklərinin təmiri, məhəllədə su kranının qoyulması, ağacların budanması, zirzəmilərin dezinfeksiya edilərək təmizlənməsi, məhəllədəki xeyir-şər evinə su, işıq və qaz sayğaclarının qoyulması və s. məsələlərlə bağlı problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərləri isə əlavə araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq konkret tapşırıqlar verilib.

Qəbulda sakinlər ölkəmizdə, eləcə də rayon ərazisində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, köklü islahatlardan məmnun olduqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.