Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim davam edir.
Unikal.org xəbər verir ki, Şahdağda keçirilən təlimdə bu gün ilk olaraq Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin əməkdaşı Saleh Xəlili risk analizləri və risklərin idarə edilməsi mövzusunda təlim keçib. Təlim sırasında jurnalistlər onları maraqlandıran sualları verib, sahə üzrə daha geniş bilgilər alıblar.
Daha sonra isə Dövlət Gömrük Komitəsinin Texnologiya İnnovasiyalar və Statistika Baş İdarəsinin əməkdaşı Əzizağa Əhmədov gömrük statistikası necə aparılır, metodologiya, statistik məlumatların yerləşdirilməsi və istifadəsi üsulları haqqında çıxış edib.
Daha sonra isə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov media orqanlarında gedən yanlışlıqlar və düzgün anlaşılmayan ifadələr mövzusunda jurnalistlərə fikir mübadiləsi aparıb.
Jurnalistlər həmçinin gömrük orqanları ilə bağlı təkliflərini də səsləndiriblər. Natiq Axundov bildirib ki, jurnalistlərin təklif və iradlarını rəhbərliyə çatdıracaq və müvafiq tədbirlər həyata keçiriləcək.
Onu da qeyd edək ki, təşkil olunan təlimlər 29 sentyabr tarixinə qədər davam edəcək.