Sentyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində tanınmış iş adamı, "Xəmsə MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında məhkəmə prosesi baş tutub. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Səbayel Rayon Məhkəməsinin bu il iyulun 31-də vəkil barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.
Məhkəmədə A.İsmayılov olay yaradıb. O, prosesi yarımçıq tərk edib. Bu da məhkəməyə hörmətsizlik kimi qəbul olunub.
Unikal.org xəbər verir ki, bu barədə musavat.com-a M.Həsənlinin vəkili Sahil Quliyev məlumat verib: "Məhkəmə 15:00-a təyin olunmuşdu. Həmin vaxt Aslan İsmayılov və başına yığdığı bir qrup şəxs məhkəmə prosesi üçün zala daxil oldular. Proses şikayətlərin müdafiə olunması ilə başladı və ilk olaraq Həsənli Mürvət Tapdıq oğlunun vəkili kimi mən çıxış etdim. Bildirdim ki, ortada hökm yoxdur. Hökm olmaya-olmaya Aslan İsmayılovun böhtanlarını davam etdirdiyini söylədim. Çıxışımdan sonra Aslan İsmayılov ayağa qalxdı və dediklərini sübut edəcəyini bildirdi. O, məhkəmədə çəkiliş aparılmasını istədi və bu vəsatətlə çıxış etdi. Hakim vəsatəti təmin etməyəndən sonra Aslan İsmayılov söz alaraq rəhbər vəzifəli şəxslərin adlarını çəkməyə başladı. Ədliyyə nazirinin və digər böyük vəzifə daşıyan şəxslərin adlarını hallandırdı və ardınca məhkəməni tərk etdi. Yanında gətirdiyi adamların da zaldan çıxmasını xahiş etdi. Həmin şəxslərin demək olar ki, hamısı zaldan çıxdılar. Daha sonra həmin şəxslər geri qayıtdılar, amma Aslan İsmayılov gəlmədi. Bundan sonra məhkəmə fasiləyə çıxdı. Fasilədən sonra hakim məndən şikayətimizi müdafiə edib-etmədiyimi soruşdu, mən də müdafiə etdiyimizi bildirərək, Aslan İsmayılovun üç il müddətinə azadlıqdan məhrum edilməsini istədim. Aslan İsmayılov bəraət istəmişdi. Bunun təmin olunmamasını istədim. Bəraətə əsas olan halların olmadığını qeyd etdim. Bundan sonra hakim müşavirəyə yollandı və geri qayıtdıqdan sonra Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.
Vəkil Ali Məhkəməyə müraciət edəcəklərini bildirdi: "Mütləq şəkildə növbəti instansiyaya müraciət edəcəyik. Çünki Həsənli Mürvət Tapdıq oğlu barəsində bu gün də Aslan İsmayılov öz facebook səhifəsində böhtanlar yağdırır, onu dələduzluqda ittiham edir. Aslan İsmayılova verilən islah işləri cəzası ilə heç cür razı ola bilmərik. Çünki o şəxs heç cür islah olunmur. Artıq məhkəməyə də hörmətsizlik etməklə məşğuldur. Ona qanunla nəzərdə tutulmuş ən ağır cəzanın verilməsinə çalışacağıq.
Məlumat üçün bildirək ki, tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə "Emre Piliç şirkətinə vəkillik edir.
Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər.
M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətlərini kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, "Emre Piliçin yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.
A.İsmayılov rəsmi "Facebook səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına şər-böhtan yağdırıb. Bu səbəbdən iş adamı onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edib.
Səbayel Məhkəməsi tərəfindən A.İsmayılovun qazancından 15% dövlət nəfinə tutulmaqla, 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilməsi barədə qərar çıxarılıb. Həmçinin o, 1500 manat cərimə olunub.