Dövlət Gömrük Komitəsi sərhədyanı bölgələrdə qeyri-qanuni ticarətin qarşısını almaq niyyətindədir.

Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov Qusarda Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün təşkil etdiyi "Gömrük islahatları və Modernləşdirmə mövzusunda keçirilən seminarda bildirib.

Onun sözlərinə görə, bu gün sərhəddəkiçik ticarətlə məşğul olan vətəndaşlar var ki, onlar icazə verilən həcmdən artıq və ya qanunla keçirilməsi icazə verilməyən malların keçirilməsinə cəhd edirlər: "Sərhədyanı zonalarda yaşayan bəzi insanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələrə keçib qayıdırlar. Maraqlı isə budur ki, onlar Gürcüstan və Rusiya sərhədinə keçən kimi növbəyə dayanır və öz sırasını gözləyir. Lakin Azərbaycan tərəfə keçən kimi hay-küy salmağa başlayır, gömrük işçilərini təhqir edir, növbədən kənar keçmək istəyirlər. Bunun səbəblərdən biri bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır. Elə bu yaxınlarda, bildiyiniz kimi korrupsiyaya yol verən gömrük məmuru barəsində cənab sədrin göstərişi ilə müvafiq tədbirlər görüldü. Gömrük əməkdaşları bəzən həmin vətəndaşlarla sövdələşməyə gedir. Rüşvət alan gömrük məmurunun davranışı gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu pozsun. Belə olan halda cəzasızlıq mühiti yaranır. Mətbuatdan da, cəmiyyətdən də istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırın və bizə dəstək verin.

A. Suleynaov bildirib ki, bəzi sərhəd rayonlarında kiçik ticarətlə məşğul olan insanlar sərhəddən siqaret və spirtli içkilər keçirirlər: "Onlar insanların ağır yükünü alaraq özləri aparır. Əvəzində sərhədi keçən insanlara bir blok siqaret və ya bir butulka spirtli içki verirlər. Onlara deyirlər ki, gömrüyün o başında səndən bu siqareti alacaqlar. Təbii ki, biz bu cür halları bilirik. Bütün bunlar bizə məlumdur. Ancaq hazırda bunun qarşısını qanunla almaq mümkün deyil. Bununla bağlı hər hansı cəza tədbirləri yoxdur. Bu cür insanlara qarşı hər hansı cəza tədbiri həyata keçirmək mümkün deyil. Biz mətbuatdan belə halları aşkar etdikdə, bunu qabartmağı və bizə ictimai nəzarətdə kömək etmələrini istərdik, - deyə A. Süleymanov qeyd edib.