Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, "PAŞA Həyat Sığorta, "Atəşgah Həyat Sığorta və "Qala Həyat Sığorta Açıq Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Unikal.org xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi vətəndaş firavanlığına, sosial rifah halının yaxşılaşmasına nail olmaqdır.
Nazir qeyd edib ki, Prezident tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm Fərman və Sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılmasına, digər tərəfdən əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Aparılan sistemli islahatların mühüm bir istiqamətlərindən biri də əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulması, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınmasıdır.
S.Babayev Prezidentin 2018-ci il 9 avqust tarixli 229 nömrəli Fərmanının icrası olaraq, nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması, habelə cənab Prezidentin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. Sahil Babayev qeyd edib ki, nazirliyin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sisteminin, müvafiq fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalının yaradılması işləri davam etdirilir.
Yeni qüvvəyə minmiş "Məşğulluq haqqında Qanun barədə də məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, bu Qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir.
S.Babayev əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsinin, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasının dəstəklənməsi məqsədilə nazirliyin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondunun da yaradılacağını qeyd edib.
Nazir imzalanacaq Memorandumun xüsusi əhəmiyyət daşıdığını, sənəddə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və digər halların əks olunduğunu deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov bildirib ki, icbari sığorta sinfi üzrə sığorta haqlarının toplanılmasında davamlı artım dinamıkası müşahidə olunur. Qeyd olunan icbari sığorta sinfi üzrə 2017-ci ildə 33.2 mln manat sığorta haqqı toplanıb və 4.3 mln manat sığorta ödənişi həyata keçirilib. 2018-ci ilin birinci yarımilliyi üzrə isə 21.3 mln manat sığorta haqqı toplanıb və 1.7 mln manat sığorta ödənişi edilib.
İ. Alışov qeyd edib ki, ölkədə muzdla çalışan işçilərin sığortalanmasını nəzərə alaraq, informasiya sistemlərin inteqrasiyası nəticəsində sığorta penetrasiyasının kəskin artması və sığortaçılar tərəfindən yığılan sığorta haqlarının həcminin daha da artacağı gözlənilir. Bununla yanaşı, icbari sığorta müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan məlumatların elektron formatda onlayn rejimində əldə olunması nəticəsində işəgötürən tərəfdən təqdim olunan məlumatların dürüstlüyü təmin ediləcək, sığortalanma prosesinin tam şəffaf və çevik həyata keçirilməsini təmin edəcək, həmçinin muzdla çalışan əhalinin bədbəxt hadisələrdən sığortalanması tam olaraq təmin ediləcəkdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə sığorta sektorunun Azərbaycan iqtisadiyyatının sürətli inkişaf edən seqmentlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanın investisiya imkanları və iqtisadiyyatının səmərəliliyi artmaqda davam edir və Milli iqtisadiyyatın neft sektorundan asılılığının azalması ölkədə sığorta bazarının inkişafı üçün də əlverişli şərait yaradacaq. Millət vəkili əlavə edib ki, tibbi və kənd təsərrüfatı sığortasının inkişafı ölkə üçün hazırda əsas prioritetlərdən biridir.
Memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb. Həmçinin, informasiya ehtiyatları üzrə məlumat bazalarının inteqrasiyası, müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılması, istehsalatda bədbəxt hadisə baş verdiyi hallarda araşdırma materialları üzrə məlumatların əldə edilməsi, sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələrin verilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətləri üzrə də əməkdaşlıq sahələri müəyyən edilib.