Azərbaycan Respublikası Baş Prokurorluğu Qazaxda baş verən ölüm işi ilə bağlı növbəti dəfə məlumat yayıb.
Qurumdan Unikal.org-a daxil olan məlumatda bildirilib ki, Elmir Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.