Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.
Tədbirdə çıxış edən digər natiqlər də YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs ediblər.
Çıxışlardan sonra Abşeron RİH başçısı İ. Gülməmmədova "Dövlət qulluğunda fərqlənməyə görə medalını və vəsiqəni rayon ictimaiyyəti qarşısında təntənəli surətdə Abşeron rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçisi Mehman Mustafayeva təqdim edib.
Tədbirin sonunda YAP Abşeron rayon təşkilatının bir qrup fəal üzvü fəxri fərmanla təltif edilib. Eyni zamanda, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi verilib.