Lotu Quli ləqəbi ilə məşhur olan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Odessa vilayətində cinayətkar dəstələri təmərküzləşdirməyə və onların qarşılıqlı əlaqəsini yaratmağa çalışır.
Unikal.org xəbər verir ki, bunu sputnik.az-a müsahibəsində Odessa vilayətinin Baş Milli Polis İdarəsi rəisinin müşaviri, kriminal istimaiyyətlə mübarizə məsələləri üzrə ekspert Ruslan Forostyak bildirib.
Onun sözlərinə görə, Quli periodik olaraq, öz elçilərini Odessaya göndərir. "Qanuni oğru" bölgəyə nəzarəti yaxşılaşdırmaq üçün ayrı-ayrı qrupları birləşdirməyə çalışır.
"2018-ci il ərzində biz cinayətkar qruplaşmaları, eləcə də Azərbaycan əsilliləri, yaxşıca pərən-pərən salmışıq. Hazırda onlar səpələnmiş vəziyyətdədirlər və vahid mərkəzdən idarə olunmurlar. Səlifovun adamları vaxtaşırı bura gələrək onları bir yerə toplamağa cəhd edirlər. Lakin biz onları dərhal izləməyə başlayırıq və ən kiçik bir fürsət yaranan kimi ölkədən kənara deportasiya edirik. Polis kriminal elementlərin mütəşəkkil cinayətkar qruplaşmaların ətrafında birləşməməsi üçün onları yaxından təqib edir" -” deyə Forostyak bildirib.
Onun sözlərinə görə, cinayətkarların fəallığının zirvəsi 2015-2016-cı illərdə olub. Lakin 2017-2018-ci illərdə polis Odessada bu istiqamətdə vəziyyəti stabilləşdirə bilib. Bu planda müsbət dinamika izlənməkdədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bütün bu mənfi təzahürlərə qarşı kifayət qədər ciddi müqavimət göstərirlər.
"Buradakı etnik qruplaşmalar aşağıdakı kimi bölünür: yerli ruslar, Dnestryanından olan qaqauzlar və deyək ki, daha fəal olan azərbaycanlılar və gürcülər. İnqişlar, osetinlər və çeçenlər demək olar ki, gözə dəymirlər və ciddi təhlükə yaratmırlar. Onlar kiçik qruplara bölünərək müəyyən ciddi işlərlə məşğul olurlar və küçə ticarətinə müdaxilə etmirlər" -” deyə polis rəisinin müşaviri bildirib.
Gürcü cinayətkarlardan ibarət qruplaşmalar əsasən mənzil qarətləri, avtomobillərin soyulması və qaçırılması ilə məşğul olurlar. Onların arasında daha cürətliləri quldur basqınları və talançılıq edirlər. Azərbaycanlılar isə demək olar ki, mənzil qarətlərində nəzərə çarpmırlar. Onlar əsasən reketlə (hədə-qorxu yolu ilə tələbetmə), yaxud ticarət məntəqələrinin himayəsi ilə, yaxud da quldur basqınları və qarətlə məşğul olurlar.
Forostyakın sözlərinə görə, ötən həftə Odessada ödəmə terminallarına xidmət edən şirkətin inkassatoruna basqın edən azərbaycanlılardan ibarət cinayətkar dəstə zərərsizləşdirilib.
Qeyd edək ki, sentyabrın 19-da şəhərin Primorsk rayonunun Simoforn tinində naməlum şəxslər inkassatora odlu silahdan atəş açıblar. Nəticədə iki inkassator yaralanıb. Onlardan biri tibbi dəstək üçün təcili yardıma müraciət edib. Bu yolla onların maşınından 200 min qrivna (12 min manat) oğurlanıb. Cinayətkarlar Opel markalı avtomobillə qaçaraq aradan çıxıblar. Odessada operativ "Sirena" planı həyata keçirilib və nəticədə sözügedən cinayətkar qruplaşmanın üzvləri saxlanılıb. Onlardan travmatik silahlar götürülüb.
"Saxlanılan şəxslər əsl komediya çıxarıblar. Onların Ukrayna pasportu və burada oturma izni olsa da, rus və Ukrayna dillərini bilmədiklərini iddia edərək azərbaycanlı tərcüməçi tələb ediblər" -” deyə ekspert bildirib
Azərbaycanlı kriminal avtoritet Lotu Qulinin Ukraynadakı qruplaşmaları bir araya gətirməyə çalışmasını isə Forostyak onunla izah edib ki, oradakı küçə ticarətçiləri arasında azərbaycanlılar çoxdur. Onların əsas fəaliyyəti meyvə-tərəvəz alverinə yönəlib. Azərbaycanlılar türklərlə əlaqədədirlər. Çünki göyərti, cəfəri və yerkökünün əsas hissəsi bura Türkiyədən gəlir. Tədricən moldovalı qruplar və bessarabiyalılar bu bazardan sıxışdırılır. Bu alver sahəsinə nəzarət yoxdur, ona görə də alverçilər öz bandit yerlilərinin əlindən əziyyət çəkirlər. Baxmayaraq ki, onlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmirlər və bu məsələni qapalı saxlayırlar. Lotu Quli bu bazarlara nəzarəti öz əlində cəmləşdirmək istəyir.
Ruslan Forostyakın sözlərinə görə, milli polis rübdə bir dəfə iri kriminal avtoritetləri, həftədə bir dəfə də xırdaları deportasiya edir. Onların bir hissəsi qonşu dövlətlərin ərazisindən saxta pasportlarla yenidən geri qayıdırlar.