Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim başa çatıb.
Unikal.org-un xəbərinə görə, təlimin bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov iştirak edib. Bağlanış mərasimindən əvvəl 4 gün boyunca iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılıb.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi adından təlim iştirakçılarını salamlayan İsmayıl Hüseynov media nümayəndələrinə təşəkkürünü bildirib. Komitə sədrinin birinci müavini qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq digər dövlət qurumları kimi gömrük orqanları da önəmli dövlət təsisatlarından birinə çevrilib. Sıralarında minlərlə əməkdaşı birləşdirən Azərbaycan gömrük xidməti 26 il əvvəl yaranmasına baxmayaraq artıq ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, biznes mühitinin yaxşılaşdırılması, daxili bazarın qorunması və beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.
O da bildirilib ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyinin dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəmizin ixrac potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatlar artıq bəhrəsini verir və bu nailiyyətlərin əldə olunmasında gömrük orqanlarının da önəmli payı var.
Həyata keçirilən islahatların, eyni zamanda ölkəmizdə gömrük işinin təşkilində də yeni fəlsəfəni, yeni yanaşmaları ortaya qoyduğunu qeyd edən İsmayıl Hüseynov gömrük sistemində aparılan struktur və kadr islahatlarının gömrük işinin müasir standartlara cavab verəcək şəkildə qurulmasına münbit şərait yaratdığını vurğulayıb. Artıq gömrük orqanları nəzarət deyil, daha çox xidmət fəlsəfəsi ilə fəaliyyət göstərir və məqsəd daxili istehsalı qorumaq, ölkəmizin ixrac potensialını artırmaq, Azərbaycan brendi altında istehsal olunan malların xarici bazarlara çıxışını təmin etmək, beynəlxalq ticarət dəhlizlərinin kəsişdiyi coğrafi məkanda yerləşən ölkəmizin tranzit qabiliyyətini yüksəltməklə iqtisadi qüdrətimizi daha da inkişaf etdirməkdir.
Qeyd etmək istəyirəm ki, bu islahatların önəmli hədəflərindən biri də ölkə vətəndaşlarının, xüsusilə iş adamlarının məmnuniyyətinə nail olmaqdır.
Bu hədəflərin reallaşdırılması məqsədilə həyata keçirdiyimiz tədbirlərdən biri də ictimaiyyətlə, xüsusilə media qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Belə ki, şəffaflığın təmin olunması, rüşvət və korrupsiya hallarının aradan qaldırılmasında ictimai nəzarətin rolu danılmazdır. İ. Hüseynovun sözlərinə görə, ölkəmizdə fəaliyyəti göstərən kütləvi informasiya vasitələrinin əksəriyyəti və jurnalistlər gömrük orqanlarının ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə, vətəndaş məmnuniyyətinin maksimum dərəcədə təmin olunmasına hesablanmış fəaliyyətində ən yüksək səviyyədə dəstək olaraq ümumi işə töhfənizi verməyə çalışır və bu mənəda görülən işlər təqdirəlayiqdir.
İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsinin bundan sonra da kütləvi informasiya vasitələri ilə sıx və işgüzar münasibətlər quracağını və media qurumlarının da gömrük orqanlarına daim dəstək göstərəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov təlimdə iştirak edən media nümayəndələrinə dərin təşəkkürünü bildirib, "Gömrük islahatları və modernləşdirmə" mövzusundakı təlimin qarşılıqlı faydalı əməkdaşlığın daha da peşəkar və səmərəli müstəvidə davam edəcəyinə şərait yaradacağını diqqətə çatdırıb.
Sonda təlimin qiymətləndirilməsi prosesində fərqlənən jurnalistlər mükafatlandırılıb, eləcədə təlimdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.