Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq göstərişinə əsasən şəhərin estetik görünüşünün pozulmaması üçün paytaxtın mərkəzi prospektlərində, ayrı-ayrı qəsəbələrdə yaşayan sakinlərə eyvanlardan paltar asmağı dayandırmaq barədə xəbərdarlıq edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, göstərişin icrasını təmin etmək məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, 13-cü Polis Şöbəsi və ərazi üzrə mənzil istisimar sahələrinin əməkdaşları ilə birgə Bakıxanov qəsəbəsində reyd keçirilib.
Tədbir zamanı evyanda paltar qurutmaq üçün asılan iplər sökülüb, həmin ipləri bərkitmək üçün quraşdırılan dəmir konstruksiyalar kəsilib.
Mənzillərdə olan polis və mənzil istismar sahələrinin əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq bu cür halların şəhərdə xoşagəlməz görüntü yaratdığı barədə məlumat veriblər. Bu söhbətlərdən sonra bəzi vətəndaşlar eyvanda quraşdırdıqları ipləri özləri aradan qaldırmağa üstünlük veriblər.
Tədbir zamanı Sabunçu rayonu Bakıxanov qəsəbəsində binalarda paltar qurutmaq üçün asılan iplər kəsilib və sakinlərə xəbərdarlıq edilib.
Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları aidiyyatı qurumlarla birgə bu cür tədbirləri mütəmadi olaraq davam etdirəcəklər.