"Azərbaycanda çap olunan dini ədəbiyyatın böyük hissəsi əsasən tərcümə olunanlardır. Ona görə də məqsədimiz yerli müəlliflərin sayını artırmaqdır".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, xaricdən ölkəyə gətirilən dini ədəbiyyatın sayı azalıb. Dövlət Komitəsi sədrinin müavini vurğulayıb ki, indi əsas məqsədləri azərbaycanlı müəlliflərin yazdıqları dini ədəbiyyatların sayını artırmaqdır: "Bu istiqamətdə xeyli işlər görülüb. Əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 faizi yerli müəlliflərin idisə, bu il həmin rəqəm 23 faizə çatıb. Yenə də bu göstərici bizi qane etmir. Xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzini, onların dünyaya baxışını özündə ehtiva edir. Bu nöqteyi-nəzərdən dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır. Əvvəlki illərlə müqayiqəsədə bu gün ölkədə çap edilməsi niyyətində zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb".
G.İsmayılov xatırladıb ki, Dövlət Komitəsinin maliyyəsi hesabına 100-dən artıq adda dini ədəbiyyat ölkədə çap olunub: "Hər zaman dini ədəbiyyat və ləvazimatlar satan mağazalara nəzarət edilir. Bu proses bundan sonra da davam edəcək. Hazırda ölkədə rəsmi icazə verilən 42 dini mağaza fəaliyyət göstərir. Dini mağazalara icazələrin verilməsi proseduru davam etdirilir".