"İdeyadan Biznesə layihəsi çərçivəsində Şəki şəhərində 28-30 sentyabr tarixlərində yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların iştirakı ilə "İnnoCamp adı altında innovasiya düşərgə təşkil olunub.

Unikal.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı "Microsoft və "Azercell şirkəti ilə birgə həyata keçirilən innovativ düşərgə Şəki şəhəri "Marxal otelində 3 gün davam edib.

Əsas məqsəd yerli və xarici texnoparkların, eləcə də innovasiya mərkəzlərinin mütəxəssislərinə təlimlər keçərək yeni biliklər aşılamaq və qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla startap ekosisteminin inkişafına dəstək verməkdir.

"İnnoCampin ilk iş günü - 28 oktyabrda Şəki şəhəri üzrə startap turu da keçirilib.

Tədbirdə "AIESEC in Azerbaijan"nın nümayəndələri tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

Budəfəki startap turuna təqdim etdiyi qlobal layihə ilə digərlərindən əsaslı sürətdə fərqləndiyi üçün Vüqar Abdullayevin "İnformasiya sistemlərinin gücləndirilməsi layihəsinin əlavə mütəxəssislər cəlb edilməklə xüsusi qiymətləndirilməsi qərara alınıb.

Bir neçə sosial ideyası ilə startap turunun ən təşəbbüskar üzvü kimi Aytac Əhmədova layihəsini təkmilləşdirmək şərti ilə Gəncə şəhərində keçirilən startap turuna dəvət edilib.

Müsabiqədə I, II və III yerlərin sahibləri müvafiq olaraq "Şəhər tur, "Walking business, "shekide.com layihələri olub. Tədbirin yekununda qaliblər mükafatlandırılıb və Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü "Bakutel Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə edəcəklər.

Sərgi-konfransın keçiriləcəyi 4-7 dekabr tarixinədək qaliblər layihələrinin prototipini hazırlamalıdırlar.

29-30 oktyabr tarixlərində isə "İnnoCamp düşərgəsi öz işini yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların təqdimat, çıxış və müzakirələri ilə davam etdirib.

İnnovasiya düşərgəsində Vyetnam, Qazaxıstan, Gürcüstan, Maldiv adaları və s. kimi ölkələrdən mütəxəssislər iştirak edib.

"Microsoft şirkətinin MDB ölkələri üzrə təhsilin inkişafı missiyasının rəhbəri Nurlan Zanibək geniş təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan innovasiyalarının inkişafı üçün münbit şərait yaradılıb. Onun sözlərinə görə, Azərbaycanın əhalinin sayına görə belə layihələrin miqyasını daha da genişləndirmək imkanı var. N.Zanibək bu sahədə yol xəritəsinin hazırlanması üçün dəstək göstərə biləcəklərini qeyd edib. Eyni zamanda o, təmsil etdiyi şirkət tərəfindən 76 ölkədə keçirilən ideya yarışlarında ("Hackathon) azərbaycanlı startapçıları da iştiraka dəvət edib.

Daha sonra çıxış edən "Microsoft-Azərbaycanın rəhbəri Sərxan Həşimov bildirib ki, "Microsoft tərəfindən beynəlxalq səviyyədə təşkil olunan "Imagine Cup beynəlxalq innovasiya müsabiqəsi "İdeyadan Biznesə layihəsi çərçivəsində dəstəklənəcək.

Düşərgə iştirakçılarına "Startapların maliyyələşdirilməsi, "Gələcəyin peşələrinin seçilməsi , "Blockchain texnologiyasının təqdimatı, "Dron texnologiyası üzrə son

yeniliklər, "Əşyalar interneti, "Elektron ticarət - evdən çıxmadan satış yolları ilə bağlı təqdimatlar keçirilib.

Bundan başqa, "Boomeranq kart, "Sağlam Yaşam, "Sumaks, "AREA kimi startap layihələrinin müəllifləri isə öz uğur hekayələrini bölüşməklə bərabər, layihələri barədə ətraflı məlumat veriblər.

İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov innovasiya düşərgəsində çıxışı zamanı bildirib ki, "İdeyadan Biznesə layihəsinin əhatə dairəsi daha da genişləndirilib. O qeyd edib ki, artıq bir neçə müddətdir ki, innovasiya ekosisteminin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlaqələndiricisi olduğu İKT sahəsində İnvestorlar Klubu yaradılıb.

O bildirib ki, "İnnoİnvest adlanan klub ölkəmizdə İKT sahəsində sahibkarlığın inkişafı, bu sahəyə özəl sərmayələri cəlb etməklə büdcə xərclərinin azaldılması, İKT sahəsində investisiya mühitinin yaxşılaşdırılması və özəl sərmayələrin düzgün istiqamətləndirilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eləcə də, innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

"İnnoİnvest İnvestorlar Klubu sayəsində investorlar perspektivli İKT layihələrinə sərmayə yatırmaqla yüksək gəlir əldə etmək, innovativ layihələrdə bir neçə investorla bir araya gələrək ortaq fond yaratmaq, habelə, dövlətdən dəstək almaq kimi imkanlar əldə edə biləcəklər. Perspektivli startap layihələri isə investorlarla birbaşa görüşmək, startaplar üçün daha sərfəli şərtlərlə investisiya əldə etmək imkanı qazanacaqlar. Artıq klubun fəaliyyətinin bir istiqaməti kimi "crowdfunding maliyyələşmə forması "İdeyadan Biznesə layihəsinin saytında xüsusi bölmədə - "http://i2b.az/az/innoinvest yaradılıb.

R.Əziziov vurğulayıb ki, klubun üzvləri qismində şirkətlər, uğurlu sahibkarlar, startaplara investisiya yatıran fərdi sahibkarlar (biznes mələkləri), klub vasitəsilə uğur əldə etmiş startapçılar çıxış edə bilər.

O, artıq bir sıra uğurlu startapların bu platformaya qoşulduğunu qeyd edib.

Sonda düşərgənin fəal iştirakçıları sertifikatlarla təltif edilib və Şəki şəhərinin tarixi yerlərinə ekskursiya təşkil olunub.