Çərək çörək, yoxsa bol çörək?
12:46 08-09-2012
İQTİSADİYYAT
Çərək çörək, yoxsa bol çörək?
Yaxud bu il çörək qıtlığı olacaqmı?
Adətən, yay gələndə dünyanın əksər hökumətləri ciddi şəkildə əndişələnirlər: "Qarşıdan gələn qışdan necə çıxacağıq?" Bu qayğılı sual isə daha çox ölkə əhalisinin çörək və un məmulatları ilə təchizini ehtiva edir. Bu sətirlərin müəllifinin o da yadındadır ki, eks-prezidentlərdən biri dar bir çərçivədə aparılan səmimi söhbət zamanı etiraf etmişdi: "Bakıda 11 günlük çörək ehtiyatı qalanda özümüzü itirirdik. Bu ehtiyatı 16-17 günə qaldıra biləndə bir qədər asudə nəfəs ala bilirdik".
Səbəbini soruşanda "Ölkədəki taxıl ehtiyatı əhalini çörəklə təmi etməyə imkan vermir. Taxılı xaricdən almalı olurduq. Yol işidir də. Birdən taxıl vaxtında gəlib çatmayaydı, əhaliyə nə cavab verəcəksən?"
Eks-prezidentin bu qayğılı sözlərini çox-çox sonralar başa düşdüm: kənd təsərrüfatı naziri İsmət Abbasovun hər il yay girəndə ölkədə kifayət qədər taxıl ehtiyatının olacağı barədə ağızdolusu səsləndirdiyi növbəti bəyanatları eşidəndə...
Amma payıza yaxın informasiya saytlarından oxumalı oluruq ki, bəs Azərbaycan hökuməti taxıl almaq üçün filan-filan ölkələrin müvafiq qurumları ilə danışıqlara başlayıb və bu danışıqlar prosesinin gedişatı göstərir ki, biz bu il də ac qalmayacağıq...
Nə isə...
Kəndlinin bəxti,
hökumətin vədi
Kəndlinin bəxti həmişə gətirməyib, əməyi ya vəlvələdən, ya da zəlzələdən zaya gedib, - kənd adamları becərdikləri məhsul batanda adətən belə deyirlər. Bu il Şəkinin Orta Zəyzid kəndinin sakini Elmar Əbdülov da əməyi zaya gedənlərdəndir. Əkdiyi 4,5 hektar buğda sahəsini bu il biçinə 10-15 gün qalmış dolu döyüb. "Yalnız 1 hektarı ota biçə bildik, qalan 3,5 hektar sahə otaraqdan başqa heç nəyə yaramadı", - deyə Elmar bildirir. Əgər dolu vurmasa idi, o, sahədən ən azı 14 tona yaxın buğda götürəcəkdik ki, qış vaxtı yem bazarında həmin məhsula pərakəndə satış qiymətləri ilə 4000- 4500 manat pul qazanmaq olardı. Amma indi Elmar dayı qazanc hayında deyil, onu əsas maraqlandıran elə vaxt ikən unluq buğda ehtiyatı tutmaq və gələn il üçün toxumluq buğda tədarük etməkdir.
Əslində, bu sıravi Şəki sakinini düşündürən məsələ bütün Azərbaycana şamil edilməlidir, çünki əldə edilən son məlumatlara görə, dünyanın əsas taxıl ixracı mərkəzləri - ABŞ, Rusiya, Qazaxıstan və sair kimi ölkələr bu taxıl ixracatını 10 milyon tonlarla azaldacaqlarını bildirirlər. Əsas problem quraqlıqla bağlıdır. Metereoloji xidmətlərin məlumatına görə, hazırda dünyanın əsas taxıl istehsalçılarından olan ABŞ ərazisinin 56 faizi quraqlığın girdabına düşüb. ABŞ-da hər il 61milyon tondan çox buğda istehsal edilir ki, bunun təxminən yarısı dünya bazarına ixrac edilir. Quraqlıq xəbəri Çikaqo birjasına birbaşa təsir göstərib ki, son günlərdə burada buğda bahalaşaraq tonu 300 dolları keçib. Ümumiyyətlə, Çikaqo birjasında bir ay ərzində buğdanın qiyməti 35 % bahalaşıb. Əgər iyunun ortalarında buğdanın bir buşelinin qiyməti 650 sentdən (tonu 240 dollardan) aşağı idisə, hazırda 880 sent (tonu 320 dollar) ətrafında dəyişir.
Həyəcan təbili
Həyəcan çalan ABŞ kənd təsərrüfatı nazirliyi (KTN) hələ ki, məhsul azalmasının dəqiq proqnozlarını bildirməsə də, bu proqnozlar Azərbaycanın qonşuları Rusiya və Qazaxıstan üçün dəqiq məlumdur. Rusiya KTN-i bildirilir ki, quraqlıq şimal qonşumuzun 16 federasiya subyektinə düşən 1,5 milyon hektar əkin sahəsini əhatə edir. Rusiya KTN cari ildə ölkə üzrə 45 milyon ton buğda yığılacağını ehtimal edir, halbuki ilkin proqnozlara görə, bu 54 milyon ton olmalı idi. Müvafiq olaraq Rusiyadan buğda ixracının səviyyəsi də düşüb və proqnozlaşdırılan buğda ixracı gösətiricisi də 16 milyon tondan 7 milyon tona qədər, yəni 50 faizdən də çox azala bilər. Qazaxıstanın da ixrac imkanları nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Bu ölkənin kənd təsərrüfatı naziri Muslim Umiryayev bildirib ki, bu il ölkədə 14 milyon ton taxıl yığılması gözlənilir. Qeyd edək ki, 2011-ci ildə dəniz qonşumuz sahələrindən 27 milyon ton taxıl yığmışdı və göründüyü kimi, bu ilki məhsulun 13 milyon ton az olacağı, yəni yarıya qədər azalacağı gözlənilir. Uyğun olaraq, ölkənin ixrac imkanları da azalacaq ki, bu da ərzaq buğdasını əsasən Rusiya və Qazaxıstan hesabına təmin edən Azərbaycan kimi dövlətlər üçün problemlər yaradacaq. Qeyd edək ki, son on-on beş ilin praktikası göstərir ki, Azərbaycan hər il əsasən Qazaxıstandan, müəyyən qədər də Rusiyadan toplam 1,1 milyon tona yaxın ərzaq buğdası idxal edir. Yəni ölkənin ərzaq buğdasına olan 1,4 milyon tonluq toplam ehtiyacının təxminən 78 faizi məhz Qazaxıstan və Rusiya buğdasının hesabına təmin edilir. Yəni bu iki ölkənin ixracı azaltması, yaxud daxili tələbat hesabına ixrac imkanından məhrum olması Azərbaycanı çətin vəziyyətə sala bilər. Qazaıxıstanın son illərdə yığdığı taxılla ixrac imkanları arasında nisbət də bunu ehtimal etməyə imkan yaradır. Son illərin təcrübəsi göstərir ki, Qazaxıstanın daxili bazarının taxıla olan ehtiyiacı 11 milyon tondan az deyil. Məsələn, 2007-ci ildə bu ölkədə 20 milyon ton taxıl yığılıb və bunun 9 milyon tonunu ixraca yönəltmək imkanı yaranıb. 2011-ci ildə isə bu ölkədə 27 milyon taxıl yığılmışdı və bunun 12 milyon tonu ixrac edilmişdi. Yəni daxili istehlak xeyli artıb və 15 milyon tona yaxın olub. Belə olan şəraitdə Qazaxıstan Azərbaycana ümumiyyətlə taxıl ixrac etməyə bilər.
Amma məmurlarımız
buna inanmırlar...
Lakin Azərbaycanın biznes və hökumət strukturlarının nümayəndələri belə vəziyyət alınacağına inanmırlar. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondunun (DTF) rəhbəri Zülfüqar Məmmədov bildirib ki, hazırda Qazaxıstandan buğda idxalında heç bir problem yoxdur və proses uğurla gerçəkləşdirilir. DTF rəhbəri artıq idxal müqavilələrinin bağlandığını, bu il ölkənin buğda ilə təchizatında heç bir problem yaşanmayacağını da vurğulayıb. Eyni fikri ölkənin ən iri taxıl emalı müəssisəsi olan Xırdalan dəyirmanının rəhbəri Əsabil Quliyev də Qazaxıstandan yetərincə taxıl gətirildiyini vurğulayır. "Taxıl o qədərdir ki, qoymağa yer tapmırıq",- deyə kombinat rəhbəri bildirib. Bu fikirləri Qazaxıstanın daxili bazarının taxıla olan tələbatının ilindən asılı olaraq dəyişmə dinamikası da dolayısı ilə təsdiqləyir. Yəni Qazaxıstan daxili istehlakı bu il 2007-ci il səviyyəsinə sala bilər və bu zaman əldə edilən 3 milyon ton ixrac buğdasının 1 milyon tonunu əsas strateji tərəfdaşlarından biri olan Azərbaycana yönəldə bilər. Həm də Qazaxıstan kənd təsərrüfatı naziri Muslim Umiryayev bu il kəmərlərini daha çox sıxacaqlarını və becərdikləri 14 milyon ton taxılın 10 milyonunu ixraca yönəldəcəklərini bildirir və bu da Azərbaycanda çörək qıtlığı olmayacağına inamı bir az da artırır.
Amma burası da var ki, Qazaxıstan yayın axırlarına doğru ixrac etdiyi taxılın qiymətini qaldıra bilər. Çünki ABŞ-dakı quraqlıq dünya bazarına daha da təsir edərək qiyməti bir qədər də bahalaşdırar ki, bu da Qazaxıstanı qiymətləri artırmağa yönəldə bilər. Yəni şirkətlərimiz ümidlərini daha çox yetərincə buğda istehsal edən Azərbaycan kəndinə yönəltməlidirlər.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən (KTN) isə bildiriblər ki, çətin məqamda dəyirmanlar yerli buğdadan istifadə edə bilərlər. "Hazırda ölkə üzrə 1,5 milyon ton buğda yığılıb ki, kombinatlar yerli taxılı elevatora verərək zibildən təmizləməklə un istehsal edə bilərlər. Bu, çətin deyil, yerli buğdanı laboratoriyada analiz edərək zibil səviyyəsini öyrənə bilərlər və bu da sadəcə qiymətə təsir edər. Qonşu ölkələrdən fərqli olaraq bu il bizdə taxıl məhsulu boldur və özümüzü təmin edə bilərik",- deyə KTN-dən bildiriblər.
Nazirlik rəsmilərinin dediyini Şəki sakini Elmar Əbdülov da təsdiqləyir: "Dolu Şəkinin yalnız bəzi dağətəyi kəndlərini vurub ki, oralarda da taxıl az əkilir. Şəkinin aşağı kəndlərində yetərincə bol məhsul götürülüb, çünki yağış və dolu onları tutmadı. Rayonda bu il yığılacaq taxıl yəqin ki, 250 min tona çatacaq ki, bu da keçən ilkindən xeyldi çoxdur",- deyə Orta Zəyzid sakini vurğulayır.
P.S. Dünya üzrə aqrar təcrübə göstərir ki, heç bir ölkənin aqrar sektoru rentabelli, yəni gəlirlə işləyə bilmir. Təsadüfi deyil ki, Avropa Birliyi hər il Avropanın bütün dövlətlərindəki fermerlər üçün milyardlarla avro dotasiya ayırır. Həmin vəziyyət bizdə də var. Yəni Azərbaycan hökuməti hər il taxıl əkən fermerlərə əlavə vəsait ödəyir. Amma bud a məlumdur ki, fermerlərin əksəriyyəti bu vəsaiti daha asan qazanc gətirəcək sahələrə yönəldirlər. Hökumətin bundan xəbəri varmı?
Olmaya bilməz... Elə isə niyə hər il kisəsinin ağzını bu əldənzirək fermerlər üçün səxavətlə açır?
Çingiz
Natiq
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00