Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "Azərbaycan mədəni irsinin mühafizəsi mövzusunda dəyirmi masa keçirilib.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli dəyirmi masaya qoyulan mövzunun aktuallığından danışıb, tələbələrin maariflənməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Dekan təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan işğalçı siyasət nəticəsində ərazi bütövlüyünü itirib və bunun nəticəsində mədəni abidələrimizin bir qismi məhv olub. Amma dövlətimizin apardığı siyasət nəticəsində bu gün mədəni irsimizin mühafizə edilməsi və dünya mədəni irs siyahısına salınması istiqamətində nəzəçarpan addımlar atılıb.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva və kafedranın baş müəllimi Rəna Rəcəbli mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Bildirilib ki, Azərbaycan zəngin mədəni irsə malikdir və Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınıb, Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıq sənəti və Novruz bayramı isə Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Tədbir müzakirələrlə yekunlaşıb.