Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası yenilənmiş 966 Çağrı Mərkəzinin və i-Map informativ xəritə xidmətinin təqdimat mərasimini keçirib.
Unikal.org-un məlumatına görə, Çağrı Mərkəzi vətəndaşlarn suallarının operativ cavablandırılması, şikayətlərin, habelə təkliflərin qəbulu məqsədilə fəaliyyətə başlayıb və fasiləsiz xidmət göstərəcək.
Çox kanalllı, 3 dildə cavablandırmanı təmin edən, ölkənin bütün stasionar və mobil şəbəkə opratorlarındn zəng qəbul edəcək Çağrı Mərkəzinin mütləq hədəfi maliyyə xidməti istehlakçılarının xətdə gözləmə müddətini minimuma endirməklə onların sorğularının cavablandırılmasını təmin etməkdir.
Fasiləsiz fəaliyyət göstərməsi daxil olan zənglərin qeydiyyata alınması üçün Çağrı Mərkəzinə insan resursları cəlb olunub, həmçinin Mərkəz xüsusi proqram təminatı, ən son avadanlıqlar və serverlərlə təchiz olunub.
Bundan başqa, ölkənin bütün regionlarında fəaliyyət göstərən bankların, bank olmayan kredit təşkilatlarının, bankomatların, valyuta mübadiləsi məntəqələrinin, sığorta şirkətlərinin və "Azərpoçt" MMC-nin filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən i-Map informativ xəritəsi yaradılıb. Vətəndaşlar və turistlər məkandan asılı olmayaraq xəritənin köməyi ilə maliyyə xidmətlərini göstərən təşkilatların ünvanları, əlaqə telefonları, iş saatları və digər məlumatları əldə edə biləcəklər.
Palatanın mətbuat katibi Elşən Allahverdiyev bildirib ki, yaxın gələcəkdə informativ xəritədə əlavə bir neçə funksiyanın tətbiqi nəzərdə tutulur.