Səudiyyə Ərəbistanında neft hasilatının gözlənilən azalması ucbatından neftin qiyməti orta perspektivdə qalxa bilər.
Unikal.org xəbər verir ki, bunu report-a rusiyalı ekspert, Moskvadakı SKOLKOVO İdarəçilik Məktəbinin Energetika Mərkəzinin mütəxəssisi Yekaterina Qruşevenko deyib.Onun fikrincə, əslində, hasilatın azalmasını bəzi mühüm amillər əngəlləyir: "Birincisi, iyun ayındakı OPEC+ razılaşmaları çərçivəsində Səudiyyə Ərəbistanı tərəfi Venesuela, İran, Meksika və Anqolada azalan neft tədarükünün yerini doldurmaq öhdəliyi götürüb. İkincisi, uzunmüddətli perspektivdə qiymət artımı tələbatın azalmasına səbəb olacaq ki, bu da Səudiyyə Ərəbistanına qətiyyən sərf etmir".Qiymətlərin sabitləşməsi məsələsinə toxunan ekspert bildirib ki, təmsil etdiyi SKOLKOVO-nun nəzdindəki Energetika Mərkəzinin rəyinə əsasən, 2018-ci ildə neftin bir barelinin orta illik qiymətinin 70-72 ABŞ dolları səviyyəsində olacaq.
"ABŞ-ın İrana qarşı sanksiyalarının nəticələri hələ bəlli olmadığından hələlik ilin son ayları üçün konkret proqnoz vermək çətindir. Avropa və Hindistanın İran neftindən imtina edib-etməyəcəyi, Çinin də onlara qoşulub-qoşulmayacağı həlledici amildir", - Y.Qruşevenko vurğulayıb.Ekspertin sözlərinə görə, bədbin variantda, yəni İrandan gündəlik ixracatın 1,5 milyon barel azalacağı təqdirdə ilin sonunadək bir barelin 90 dollaradək bahalaşması mümkündür, amma bu, ötəri olacaq, tezliklə qiymətlər sabitləşəcək: "2019-cu ildə neftin bir barelinin orta illik qiymətinin baza variantı üzrə 78 dollara çatacağını gözləyirik".