Dövlət Gömrük Komitəsində Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən "Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib.
Komitədən Unikal.org-a verilən məlumata görə, təqdimat mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa, Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım Jana Kumpe və layihəni hazırlayan şirkətin nümayəndəsi Marius Kutateladze, komitə sədrinin müavinləri, baş idarə rəisləri və komitənin əməkdaşları iştirak ediblər.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində də mütərəqqi islahatlar həyata keçirilir və bu islahatların məqsədi, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, daxili istehsalın, ixrac və tranzit potensialının artırılması, vətəndaş məmnuniyyətinin maksimum səviyyədə təmin olunmasıdır. Bildirilib ki, gömrük sistemində aparılan və artıq birinci mərhələsi başa çatan islahatlar çərçivəsində informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovasiya layihələri həyata keçirilir. Əsas hədəflərdən birinin də gömrük-sərhəd keçid məntəqələrində elektron növbə sisteminin tətbiq olunması hesabına sıxlıqların aradan qaldırılması olduğunu vurğulayan Komitə sədri bu kimi layihələrin ətraflı şəkildə öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa və Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım Jana Kumpe ölkələrimiz arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətindən məmnunluqla bəhs edərək gömrük sahəsindəki əməkdaşlığın da əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradacağını bildiriblər.
Daha sonra estoniyalı mütəxəssis Marius Kutateladze tərəfindən "Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sisteminin təqdimatı keçirilib və "Növbələrin idarə olunması adlı videoçarx nümayiş olunub.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.