Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
İclasda aşağıdakı məsələlər müzakirə olunub: Şuranın 68-ci iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2018-ci ilin doqquz ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2018-ci ilin doqquz ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018-2019-cu illər üçün beynəlxalq istiqamətdə qatarların hərəkət cədvəlinin tərtibi, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı haqqında; 2018-ci ilin may ayında yük qatarlarının siyahıyaalınmasının nəticələri və 2018-ci ilin sentyabr ayında konteynerlərin siyahıyaalınmasının ilkin nəticələri haqqında; 2018-ci ilin səkkiz ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; 2019-cu fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti haqqında; Dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı haqqında; 2019-cu il üçün dəmir yolu nəqliyyatı şurası müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası haqqında; "Rusiya Dəmir Yolları ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2019-cu il üçün xərclər smetası haqqında; 2019-cu ildə "Fəxri dəmiryolçu döş nişanının paylaşdırılması haqqında və Şuranın 70-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.
Tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov "Rusiya Dəmir Yolları ASC-nin yaranmasının 15 illiyi ilə əlaqədar yubiley xatirə medalı ilə təltif olunub. Xatirə medalını "Rusiya Dəmir Yolları ASC-nin Prezidenti Oleq Belozyorov təqdim edib.
İclasın sonunda yekun protokolu imzalanıb.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.