Azərbaycanlılar niyə elektron ticarətə maraq göstərmir?
13:01 11-09-2012
İQTİSADİYYAT
Azərbaycanlılar niyə elektron ticarətə maraq göstərmir?
Statkomun bir açıqlamasının izi ilə…
Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11,0 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz çox istehlak malları satılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak mallarının 1,4 milyard manatı hüquqi şəxslərin, 5,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 4,5 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. Elektron ticarətin həcmi 905,1 min manat olub.
Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 6,2 milyard manatı ərzaq məhsullarının, 4,8 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Bəs Azərbaycanda niyə elektron ticarətə maraq bu qədər azdır? Bu suala cavab tapmaq üçün əvvəlcə gəlin bir daha aydınlaşdıraq, görək,
Elektron ticarət nədir?
İyirminci əsrin əvvəlləri və yeni əsrin başlanğıcı informasiya texnologiyasının, yeni elektron rabitə vasitələrindən və qlobal internet şəbəkəsindən geniş istifadə, sivilizasiya və dünya iqtisadiyyatındakı mühüm dəyişikliklərlə xarakterizə olunur.
Son dövrlərdə iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrin yeni inkişaf mərhələsinə - informasiya cəmiyyəti mərhələsinə keçidi geniş surətdə həyata keçirilir. Sahibkarlıq sahəsində bu dəyişikliklərin əsası biznesin elektron üsulla aparılması və ya elektron ticarətin (ing. electronic commerce) təşəkkül tapması ilə yadda qalıb.
Elektron ticarət dedikdə, ilk növbədə, elektron rabitə vasitələrindən istifadə etməklə kommersiya sazişlərinin imzalanması başa düşülür. Bu zaman sazişlər onlayn rejimində bağlanır. Elektron ticarətin ənənəvi ticarətdən əsas prinsipial fərqi əmtəənin internet şəbəkəsi vasitəsilə hərəkət etdirilməsidir.
Elektron ticarətin inkişafı tarixinə nəzər
1960-cı ildə "American Airlines" və "IBM" kimi Amerika şirkətləri aviareyslərdə yerlərin tutulması prosedurlarının avtomatlaşdırılması ilə elektron ticarətin əsası qoyulur desək, yanılmarıq. Beləliklə, "SABRE" sistemi (Semi-Automatic Business Research Environment) hava uçuşlarını sıravi sərnişinlər üçün daha münasib edərək onlara sayı daima artan reyslərdə və tariflərdə oriyentasiya etməyə yardımçı olur.
Yerlərin tutulması zamanı tariflərin hesablanması prosesinin avtomatlaşdırılması hesabına xidmətlərin dəyəri də azalır. Bu, elektron ticarət sisteminin yaradılması ilə bağlı ilk təcrübədir. Elektron ticarət bazarı son 20 il ərzində daha dinamik inkişaf edir və bu da internet-istifadəçilərin sayının sürətli artımı, sosial şəbəkələrin və digər interaktiv onlayn-platformaların genişlənməsi, elektron ödəniş sistemlərinin dinamik inkişafı, və aparıcı veb-servislərin "Web 1.0" texnoloji platformasından "Web 2.0" keçidi ilə əlaqədardır.
Elektron ticarət dedikdə nəinki internet sistemləri, eləcə də, digər kommunikasiya mühitindən istifadə edən "elektron mağaza"lar başa düşülür. Qeyd etmək lazımdır ki, veb-şəbəkələr elektron ticarətin texnoloji bazası olmasına baxmayaraq, sistemlər sırasında digər kommunikasiya imkanlarından da istifadə olunur. Belə ki, əmtəə malının göstəricilərinin dəqiqləşdirilməsi və sifarişin təsdiq olunması üçün satıcıya qarşı irəli sürülən tələblər elektron poçt vasitəsilə də göndərilə bilər.
Bu gün kredit kartları onlayn alışları zamanı dominant ödəniş vasitəsidir. Lakin yeni ödəniş vasitələri: smart-kartlar, rəqəmli pullar, mikro ödənişlər və elektron çeklər də artıq az populyar deyil.
Elektron ticarət yalnız onlayn transaksiyalardan ibarət deyil. Bu anlayış ilə əhatə olunan sahəyə marketinq tədqiqatlarının həyata keçirilməsi, imkanların və tərəfdaşların təyin olunması, tədarükçülər və istehlakçılar ilə əlaqələrin qurulması, sənədlərin dövriyyəsinin təşkili kimi fəaliyyət növlərini daxil etmək zəruridir. Beləliklə, elektron ticarət kompleksli anlayış olub, məlumatların tərkib hissəsi kimi elektron mübadilədən ibarətdir.
İndi isə gələk əsas suala:
Azərbaycanda elektron
ticarət niyə axsayır?
Bu mövzuda söhbətləşdiryimiz ekspert Fuad Kərimzadənin sözlərinə görə, Azərbaycanda həqiqətən də elektron ticarətin genişlənməsi açısından problemlər var, ancaq bunlar zamanla aşılacaq problemlərdir: "Bir çoxları deyə bilər ki, Azərbaycanda insanlar elektron ticarətə hazır deyil. Mən bu yanaşmanı tamamilə yanlış sayıram. İnsanlar bu prosesə sonradan özünü hazırlayır. Məsələn, elektron ticarət Avropada, ABŞ-da yarananda amerikalılar, avropalılar oturub Allahdan gözləmirdilər ki, belə bir şey olacaq və onlar işlədəcəklər. Bu, yaradılır, sonra da insanlar ondan istifadə etməyə başlayır. Bir nəfər edir, xoşuna gəlir, öz dostuna deyir, sonra başqaları da buna həvəslənir. Yəni insanların hazırlığını heç vaxt problem olaraq göstərmək lazım deyil".
Qeyd edək ki, internetdə ticarət zamanı fırıldaq, elektron hesabların və hesablardakı vəsaitin oğurlanması hallarına dəfələrlə rast gəlinib. Dünyanın aparıcı elektron ticarət portalları belə halların qarşısını almaq üçün milyonlarla dollar xərcləyirlər. Lakin görülən bütün tədbirlərə baxmayaraq, belə hallardan sığortalanmaq hələ də mümkün olmayıb.
Ekspert isə elektron ticarət prosesində kart informasiyalarının təhlükəsizliyi, onların oğurlanması ehtimalı ilə bağlı səslənən söz-söhbətin də əsassız olduğunu vurğuladı: "Çünki texnika o qədər inkişaf edib ki, bunlar boş söhbətlərdir. Artıq "Visa" və "MasterCard" tərəfindən tətbiq olunan 3D Secure sistemi bu məsələnin öhdəsindən tamamilə gəlir".
Ekspert Azərbaycanda əsas problemin elektron ticarət məsələsinin şirkət rəhbərləri tərəfindən qəbul edilməsi ilə bağlı olduğunu söyləyir. Çünki şirkət rəhbərlərinin çoxu bunu anlamır: "Deyək ki, bankın bütün proseslərini internet üzərindən tətbiq etmək olar. Təklif edəndə ki, banka "internet bankinq" tətbiq edək, bank rəhbərliyi bundan qorxub qaçır. Amma bir müqayisə aparım. Tutaq ki, bu xidmət üçün bank 100 min manat xərcləməlidir. Bank bunu qəbul etmir, sonra gedib filiala 300-400 min manat pul xərcləyir. "İnternet bankinq" isə qlobal filial deməkdir. Bu, o deməkdir ki, sənin müştərin dünyanın harasında olursa olsun, sənin bankınla əməliyyat apara bilər. Yəni borcunu öyrənə bilir, pul köçürmələri apara bilir, hesabını yoxlayır, yeni hesab açır və s. Bank gedib 300-400 min manat filiala xərcləyir, amma bu cür qlobal filiala 100 min xərcləmir. Bizim Azərbaycanda müşahidə etdiyimiz əsas problemlərdən biri budur".
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40