"Azərenerji ASC elektrik mühəndisi və elektrik mantyoru vakansiyalari üzrə işə qəbul elan edib.
Bu barədə Unikal.org-a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, sözçüsü olduğu qurumda kompleks islahatlar həyata keçirilir: "Ölkə enerji sistemində baş vermiş məlum hadisədən sonra bu sahənin təhlükəsizliyinə və müasirləşdirilməsinə hesablanmış kompleks islahatların mühüm tərkib hissəsi ixtisaslı kadr potensialının gücləndirilməsidir ki, sözügedən istiqamətdə konseptual yanaşma əsasında müvafiq addımlar atılır. İlkin qənaətə görə, insan resurslarından səmərəli istifadə edilməsi və ixtisaslı kadr bazasının formalaşdırılması məqsədilə yaxın perspektivdə ali təhsil ocaqları ilə sıx əlaqələrin qurulmasına başlanılacaq. Eyni zamanda, işə qəbul edilən gənc mütəxəssislər üçün qısamüddətli istehsal kursları və təlim-seminarlar təşkil ediləcək. Hazırda enerji sisteminin bilikli və bacarıqlı mühəndis-energetiklərlə, elektrik mühəndisi və elektrik mantyoru vəzifələri üzrə komplektləşdirilməsi prosesinə start verilib.
Y.Babanlı qeyd edib ki, bu səbəbdən də "Azərenerji öz təhsil və ixtisas səviyyəsinə əmin olan vətəndaşları işə dəvət edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər, Şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin sürətlərini, Fotoşəkilli şəxsi məlumat vərəqəsini (CV) AZ 1005., Bakı şəhəri, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanına təqdim edə, [email protected] elektron poçt ünvanına göndərə və əlavə məlumat üçün (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.