Qondarma "DQR"in keçmiş "müdafiə naziri", murdar əməlləri ilə (o cümlədən ermənilərin özlərinə qarşı) ad çıxarmış Samvel Babayan ("Samo") Moskvadan müəmmalı şəkildə İrəvana qayıdan kimi sürətlə siyasi fəaliyyətə başlayıb.
Xəbər verdiyimiz kimi "Samo" mətbuata ilk müsahibəsində aprel döyüşlərindəki uğursuzluqlara görə hakimiyyəti tənqid edib, Moskvada yüksək hərbi-siyasi dairələrlə yaxşı əlaqələr qurduğunu deyib və tezliklə Qarabağa qayıdacağını bildirib. "Çünki mənim əsas missiyam Qarabağla əlaqəlidir"-o deyib.
"Samo" 2000-ci ildə qondarma rejimin rəhbəri Arkadi Qukasyana sui-qəsd təşkil etdiyinə görə həbs edilmişdi və 4 il yarım Şuşa həbsxanasında saxlanıldıqdan sonra əfv olunmuşdu. O, 2005-ci ildə Ermənistana qayıdıb, siyasi fəaliyyətlə məşğul olmağa cəhd edib. Ancaq uğur qazana bilməyib və 2010-cu ildə Ermənistanı tərk edərək Rusiyaya yollanıb.
Ermənistan mətbuatı yazır ki, "Samo" Moskvaya gedəndə təxminən 15 milyon dollar borcu olub və bəzi məlumatlara görə onun Rusiyadan qayıtmasını təşkil edən hakimiyyət həmin borcları ödəyib. "Azadlıq" radiosunun erməni xidməti bildirir ki, "Samo" tezliklə Qarabağa yollanacaq.
Müşahidəçilərə görə "Samo"nun Qarabağa qayıtması oradakı vəziyyəti kəskinləşdirəcək. Çünki bir vaxtlar Qarabağda özünü "baş komandan" elan edib bütün hakimiyyəti ələ alan "Samo" elə belə geri qayıtmır. Onun keçmiş səhra komandirlərindən ibarət tərəfdarları "Samo"nun silahlı qüvvələrə komandanlıq etməsinə çalışırlar. Gözləmək olar ki, "Samo" Qarabağa tək qayıtmayacaq, "Şuşa" batalyonunun komandiri olmuş Jirayr Səfilyan kimi radikal hərbçilər da ona qoşulacaq.
Belələri durmadan Azərbaycanla müharibəyə başlamağa, yeni ərazilər işğal etməyə çağırır. Gözləmək olar ki, "Samo"nun tərəfdarları təkcə keçmiş səhra komandirləri deyil, Qarabağdakı erməni işğalçı qüvvələrin komandir heyəti arasında da onun radikal mövqeyinin dəstəkçiləri tapılacaq. Nəticədə "Samo" öz tərəfdarlarını toplayıb Qarabağda hakimiyyəti ələ alacaq, ən azından özünü "müdafiə naziri" elan edəcək.
Artıq Qarabağda "Samo"nun hakimiyyətə qayıtması üçün imza toplamağa başlayıblar. Qondarma rejimin "parlamentinin" müxalif "deputatı" Ayk Xanumyan deyib ki, Samvel Babayan hökmən vəzifə tutmalıdır. "Əgər də o Qarabağda olsaydı dördgünlük müharibədə bu qədər itki verməzdik"-Xanumyan deyir.
"Samo"nun hərbi vəzifə tutmasının mümkünlüyünə münasibət bildirən müdafiə naziri Seyran Ohanyan isə deyib ki, hazırda Ermənistan ordusunda bütün vəzifələr komplekləşdirilib. "Komandir, general heyəti öz yerindədir, vəzifələrini icra edir. Samvel Babayan Qarabağ üçün iş görmək istəyirsə heç kim ona mane olmayacaq. Vəzifə məsələsini isə mən həll etmirəm"-Ohanyan bildirib.
İstisna deyil ki, "Samo"nun Qarabağda hakimiyyəti ələ almasına eks-prezident Robert Köçəryan və qruplaşması da dəstək verəcək. Artıq Köçəryanın düşərgəsində "Samo" il əməkdaşlığı mümkün hesab edirlər.
Analitiklərə görə "Samo"nun İrəvana qayıtmasının Moskvadan aldığı tapşırıqla bağlı olduğu istisna deyil. Eyni zamanda Ermənistan hakimiyyətinə "Samo"nun qayıtması aprel döyüşlərindən sonra döyüş ruhunu qaldırmaq üçün lazımdır. Sərkisyan aprel uğursuzluqlarına görə bir neçə generalı işdən qovub, orduda həbslər aparılıb. "Samo" murdar əməlləri ilə tanınsa da indi döyüş ruhunu qaldırmaq üçün onun kimi qondarma "qəhrəmanlara" ehtiyac var.
(Virtualaz.org)