Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən icra olunan "Sosial bağlar layihəsi çərçivəsində sosial cəhətdən həsas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir.
Unikal.org-un məlumatına görə, "Sosial bağlar layihəsi prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına dəstək məqsədi daşıyır.
Layihə çərçivəsində respublikamızın 41 rayonu (Tərtər, Ağdam, Bərdə, Füzuli, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran, Ağdaş, Kürdəmir, Yevlax, Beyləqan, Ucar, Siyəzən, Salyan, Sabirabad, Qobustan, Ağsu, İsmayıllı, Şəmkir, Daşkəsən, Samux, Ağstafa, Qazax və s.) üzrə 125 ailə üçün təsərrüfatlar yaradılır.
O cümlədən, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran rayonlarında da 17 nəfər üçün layihə çərçivəsində bağ sahələrinin salınması nəzərdə tutulub. Həmin rayonlarda bağların salınması üçün ayrılmış sahələrdə yeni ağacların əkilməsinə hazırlıq işləri çərçivəsində ilk növbədə bəzi sahələr bar verməyən qurumuş ağaclardan, kötüklərdən, kollardan təmizlənir. Həmçinin bağların salınması üçün digər sahələrin şumlanması və çəpərlənməsi işləri görülür.
"Sosial bağlar layihəsi iştirakçılarından 30 nəfəri şəhid ailəsi üzvləri, 28 nəfəri əlilliyi olanlar, qalanları aztəminatlı ailələrin üzvləridirlər. Layihəyə cəlb edilənlər üçün alma, gilas, qoz, gavalı və s. meyvələr üzrə bağların, tərəvəz və bostanların salınması işləri həyata keçirilməklə, sahələrə aqrotexniki qulluq, suvarma, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, eləcə də digər sahələrdə də onlara dəstək göstəriləcək.
Layihəyə cəlb olunan vətəndaşlar üçün ilk mərhələdə müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların aşılanması məqsədilə təlim kursları təşkil edilib. Kursları bitirərək biznes planlarını uğurla müdafiə edən şəxslərin layihə üzrə təsərrüfatlarının yaradılmasına başlanılıb.
Aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına və gəlirlərini artırmalarına imkan verən layihə belə ailələrin ünvanlı dövlət sosial yardımı proqramından asılılığının aradan qaldırılmasına və kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə şərait yaradır. Eyni zamanda, layihə üzrə yeni bağçılıq sahələrinin yaradılması qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstəkdir.
Xatırladaq ki, cari ildə özünüməşğulluq proqramı çərçivəsində ölkə üzrə 7 minədək ailənin kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılıb. Bunun üçün işsizlikdən sığorta fondunun 2018-ci il üzrə büdcəsindən 35,8 milyon manatın ayrılması nəzərdə tutulub.