2019-cu ildən etibarən ölkənin müəyyən edilmiş iqtisadi və sosial inkişaf hədəflərini özündə əks etdirən ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına başlanılacaq.
Unikal.org xəbər verir ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminal vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi büdcə vergi siyasətinin əsas istiqamətlərindəndir. Bundan başqa, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların iştirakının təmin etmək üçün neft və qaz məhsullları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin istehlakçılara geri qaytarılması prinsiplərinin tətbiqi nəzərdə tutulur.
Ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsi (2%), əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 3 nəfərdən çox olan istehsal fəaliyyəti və s.) və bu sahədə mövcud olan vergi güzəştlərinin azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi vergi siyasətinin istiqamətləridir.
Həmçinin
qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin
dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına
tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik
sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli
amortizasiyanın tətbiqi və kiçik sahibkarlıq subyektinin təsisçisinin
dividend gəlirlərinin vergidən azad olması nəzərdə tutulur.