İsmət Abbasovun aqrar sektora dəhşətli zərbəsi
12:04 12-09-2012
İQTİSADİYYAT
İsmət Abbasovun aqrar sektora dəhşətli zərbəsi
Bir neçə ildən sonra ölkədə kənd təsərrüfatı mütəxəssisi tapılmayacaq
Bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə bir açıqlama ilə çıxış etdi, adətən Abbaszadənin təhsil naziri Misir Mərdanovla bağlı sözlərini, türklər demiş, "merak edən" mətbuatımız həmin açıqlamanın üzərindən sükutla keçdi. Halbuki TQDK sədri bu açıqlamasında olduqca önəmli, gələcək üçünsə həyəcan siqnalı çalmağa kifayət edən fikirlər səsləndirmişdi. Söhbət nədən gedir?
TQDK sədri bildirmişdi ki, ali məktəblərə hazırlaşan gənclər arasında aqrar və kənd təsərrüfatı ixtisaslarına maraq azalıb. Universitetlərdə dövlət sifarişli yerlərin siyahısında torpaqşünaslıq və aqrokimya üzrə ayrılan 31 yerə, cəmi 24 nəfər qəbul olub. Aqronomluq ixtisasına ayrılan 24 yerə 4 nəfər, zootexniklik üçün tələb olunan 23 yerə isə 2 abitüriyent qəbul olunub.
Bu ilin qəbul nəticələri ilə bağlı keçirilən mətbuat konfransında səsləndirdiyi həmin fikirlərin ardınca TQDK sədri onu da əlavə etmişdi ki, bu il aqrar sektorla bağlı təxminən 1000-dən artıq vakant yer nəzərdə tutulub, 500 yer isə boş qalıb, yəni qəbul planının yalnız 40%-i yerinə yetirilib.
Rəqəmlərdən də göründüyü kimi, abitüriyentlər arasında aqrar sektora maraq azalıb. Sovetlər dönəmində xüsusi seçilən, maraq göstərilən baytarlıq, aqronomluq, pambıqçılıq, aqronomluq və s. indi ən arzuolunmaz ixtisaslara çevrilib.
Beləliklə, ölkədə aqrar sektorla bağlı ixtisaslara olan marağın azalması, bu sahənin inkişafına maneə olur, gələcəkdə vəziyyətin daha təhlükəli olacağından xəbər verir. Bəs aqrar sektora marağın azalması nə ilə bağlıdır? Bunun nə kimi nəticələri ola bilər?
Mövzu ilə bağlı rəyini soruşduğumuz əksər ekspertlərin bu suallara bir cavabı var: abituriyentlərin aqrar sektorla bağlı ixtisaslara marağının, həvəsinin azalması ilk növbədə ölkədə kənd təsərrüfatının acınacaqlı durumu ilə bağlıdır. Bu isə o deməkdir ki, TQDK sədrinin toxunduğu olduqca aktual və problemli məsələdə həm də kənd təsərrüfatı naziri İsmət Abbasovun ciddi məsuliyyəti var.
Məsələ burasındadır ki, məhz Abbasovun nazir olduğu dövrdə ölkədə aqrar sektorun inkişafı ilə bağlı gözləntilər nəinki özünü doğrultmayıb, əksinə kənd təsərrüfatı kifayət qədər korrupsiyalaşmış bir sahəyə çevrilib, eyni zamanda aqrar sahədə geriləmələr qarşısıalınmaz prosesə çevrilib. Bu isə ona gətirib çıxarıb ki, kənd təsərrüfatı ciddi prestij itkisinə uğrayıb, əhəmiyyətliliyi, funksionallığı sarsılıb, nəticədə taleyini bu sahəyə bağlamaq istəyənlərdə tərəddüdlər yaranıb. Onların heç birinin təminatı yoxdur ki, aqrar sahə ilə bağlı ixtisaslara yiyələnsələr, bu, onlara iş tapmaq, həyatlarını, karyeralarını qurmaq imkanı verəcək.
Bir sözlə, TQDK sədrinin üstünü açdığı problemin kökünü Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz idarəçiliyində, nazir İsmət Abbasovun bu sahəni dirçəltmək üçün heç bir ciddi addımlar atmamasında axtarmaq lazımdır. Həm axtarmaq, həm də buna görə hesab istəmək!
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00