Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org "ölkə.az"a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, A.Əzizov tanışı olan Quluzadə Fizzə Məmmədağa qızını şantaj edərək pul tələb edib. O, F.Quluzadə ilə sosial şəbəkədə tanış olub.

Daha sonra aralarında isti münasibəti yaranan şəxslər bir-birlərinə intim şəkillərini göndəriblər. Bir müddət keçəndən sonra A.Əzizov F.Quluzadəni şantaj edib.

Onu intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib. A.Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min ABŞ dollar pul tələb edib və alıb.

Daha sonra F.Quluzadə hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı A.Əzizov həbs edilib. Məhkəmədə elan olunmuş ittiham üzrə A.Əzizov özünü təqsirli bildiyini deyib.

Məhkəmənin qərarı ilə prosesin davamı qapalı keçirilib. Qapalı keçirilən iclasda zərərçəkmiş də dindirilib.

Evli, iki uşaq anası olduğunu bildirən qadın həyat yoldaşı ilə boşanmaq üzrə olduğunu söyləyib. O, təqsirləndirilən şəxsin cəzalanmasını, lakin dəymiş zərəri tələb etmədiyini qeyd edib.

Xatırladaq ki, A.Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi) maddəsi ilə ittiham irəli sürülüb.