Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində 10 ildir təşkil olunan yarmarka sakinlərin narahatlığına səbəb olur. Əslində şikayət yarmarkadan yox, satıcıların onlar üçün ayrılan ərazidən çıxıb, binaların həyətinə üz tutmaqlarındadı. Sakinlərin sözlərinə görə, həftə sonlarında nə evlərində səs-küydən istirahət edə, nə də binaya rahat girib-çıxa bilirlər.

Unikal.org Xəzərxəbər-ə istinadən məlumat verir ki, binanın həyəti bazara çevrilib. Yarmarka üçün rəsmi yerin ayrılmasına baxmayaraq, piştaxtalar binaların həyətlərinə qədər uzanıb.

Bura Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1 və 6 ünvanındakı binaların həyətidir. Ərazi həftənin hər şənbə və bazar günləri təşkil olunan yarmarkaya məhsul gətirən satıcılar tərəfindən zəbt olunub. Elə bu səbəbdən sakinlər həftə sonları evlərində rahat istirahət edə bilmədiklərini deyirlər. Satıcılar həyəti elə zəbt ediblər ki, bloklara girmək və çıxmaq müşkül məsələyə çevirilib.

Narazılıq satıcılar və sakinlər arasında davaya da səbəb oldu.

Sakinlər məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problemi həll edən olmayıb. Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyir ki, Badamdarda yarmarkanın keçirilməsi üçün başqa yer yoxdur. Buna görə də yarmarkanı ləğv etmək qeyri-mümkündür. Şöbə müdiri onu da əlavə etdi ki, bu il rayonlarda məhsuldarlıq bol olduğuna görə bölgələrdən yarmarkaya gələnlərin sayı da çoxalıb. Bu səbəbdənbazar binaların qarşısına qədər gedib çatır..