"Azərbaycanın Vyana danışıqlarında ən böyük uğuru Ermənistanı danışıqlar masası arxasında oturmağa məcbur etməsi oldu. Böyük dövlətlər onu buna məcbur etdilər. İkincisi, iyun ayına kimi vaxt verildi ki, arada bir az sakitlik olsun və daha sonra danışıqlar davam etdirilsin. Lakin indi ermənilər yeni cəfəng şərtlər irəli sürür və aranı qarışdırmaq istəyirlər. Hazırda biz İrəvanda hakimiyyətdə oturan mövcud "Qarabağın erməni klanı" ilə danışıq aparmaq məcburiyyətindəyik. Sual olunur, niyə biz həmin klanın ikinci bir dəstəsini danışıq masasına otuzdurmalıyıq? Bu, əslində, danışıqların tam iflası olacaq. Bu fikirlər danışıqları uçuruma aparır və ona görə qəbul edilə bilməz. Ermənistanın indiki rəhbərliyi isə məhz danışıqların iflasa uğramasına çalışır".
.
Təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməli olduğu haqda fikrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər Nazirliyi guya "Dağlıq Qarabağ" adlı dövlətin mövcud olmasını 1994-cü ildə atəşkəs haqqında "Bişkek protokolu" imzalanmasından əvvəl Ermənistan tərəfinə daxil olan məktua əsasən iddia edirlər. İndi danışıqlarda "Dağlıq Qarabağ"ın da tərəf kimi iştirak etməsi fikrinin ortaya atılması isə göstərir ki, Ermənistan apreldə onlar üçün cəbhədə yaranmış ağır vəziyyətdən çıxa bilmir. Ona görə də danışıqları uzatmaq üçün ortalığa belə bir məsələni atır və bununla da faktiki olaraq aranı qarışdırmaq istəyirlər:
"Aprel hadisələrindən sonra Serj Sarkisyan Ermənistanın danışıqlara qatılması üçün 3 şərt irəli sürmüşdü. Bunlar Azərbaycanın hücum etməməsi, Azərbaycanın azad etdiyi torpaqların ermənilərə geri qaytarılması və Rusiyanın Azərbaycana silah satmaması ilə bağlı idi. O zaman "Dağlıq Qarabağ"ı xatırlamağı unutmuşdu. Vyanada "Dağlıq Qarabağ" danışıq tərəfi olmamışdı, heç adı da çəkilməmişdi. Lakin ondan sonra yenə də "Dağlıq Qarabağ" məsələsini ortaya atdılar. "Dağlıq Qarabağ" nə müstəqil, nə də yarımmüstəqil qurum kimi mövcud deyil. Əvvəla, Ermənistanın indiki rəhbərliyi, bütün elitası hamısı "Qarabağın erməni klanı"nın üzvləri, Qarabağdan çıxmış hərbçilər, terrorçulardır. İndi danışıqlarda eyni klanın yanında Qarabağdan yenə kimi çəkmək istəyirlər? Onlar necə əlavə olaraq danışıqlarda "Dağlıq Qarabağ"ın nümayəndələrinin iştirakını tələb edə bilərlər? "Dağlıq Qarabağ"ın ən üzdə olan nümayəndələri elə Ermənistanın indiki iqtidarıdır.
Biz faktiki olaraq Dağlıq Qarabağın nümayəndələri ilə danışıqlar aparırıq. Keçmiş prezident R.Köçəryan qarabağlı idi, indiki prezident S.Sarkisyan, müdafiə naziri S.Ohanyan, müdafiə nazirliyindəki yüksək vəzifəlilər, eləcə də təhlükəsizlik naziri hamısı qarabağlıdır. İndi onlar hansı "Dağlıq Qarabağ"ı danışığa çəkmək istəyirlər?! Əgər onlar Bako Saakyanı nəzərdə tuturlarsa, o, onların ən kiçiyidir. Saakyanı danışıqlara "Dağlıq Qarabağ"ın nümayəndəsi kimi cəlb etmək o deməkdir ki, "xozeyin" danışıqlara gedir, yanında da öz tulasını aparmaq istəyir. Axı danışıqlarda tulanın olmasına ehtiyac yoxdur..."
Qarabağdakı ermənilərlə dialoq aparılmalıdır, amma...
Ekspertin fikrincə, ümumiyyətlə, "Dağlıq Qarabağ"ın ayrıca tərəf kimi təqdim edilməsi gülüncdür: "Aprel hadisələrindən sonra Ermənistandan müxtəlif bəyanatlar verildi, amma özlərini "Dağlıq Qarabağ"ın nümayəndələri adlandıranlardan heç səs-səmir çıxmadı. "Dağlıq Qarabağ" deyilən bir şeyin ordusunun rəhbəri Ermənistan Silahlı Qüvvələrinin qərargah rəisinin müavinidir. Yəni "Dağlıq Qarabağ ordusu" deyilən şey Ermənistan ordusunun tərkib hissəsidir. İndi biz kimi danışıq tərəfi olaraq tanımalıyıq? Bu, gülünc məsələdir. Dağlıq Qarabağın əsas üzvləri İrəvanda oturub və onlarla da danışıq aparılır. Onlar indi hakimiyyətdə qalmaq uğrunda mübarizə aparırlar, ona görə də danışıqlara "Dağlıq Qarabağ"ın hakimiyyətinin qoşulması məsələsini ortaya atırlar. Belə bir hakimiyyət isə yoxdur. "Dağlıq Qarabağ"ın ordusu da, hüquq sistemi də, hakimiyyəti də hamısı Ermənistana məxsusdur.
Azərbaycanlı icması dəfələrlə deyib ki, gəlin, erməni icması ilə danışıq aparaq. Lakin Qarabağın erməni icmasının böyükləri İrəvanda oturublar və danışıqlardan da imtina edirlər. Bu səbəbdən də biz hər hansı başqa qarabağlını tərəf kimi tanıya bilmərik".
Rəsmi Bakı: Ermənistan öz xalqını sülhə hazırlamalıdır
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan parlamentdə çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işçi sənədlərin hamısında belə bir maddə var ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Ona görə də danışıqlarda Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil.
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür: