15-16 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid adlı III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
Unikal.org-un xəbərinə görə, forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.
Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.
İştirakçılar və spikerlər arasında "Citibank, "Commerzbank AG, Raiffeisen Bank International AG, "Standard Chartered Bank kimi nəhəng banklar, həmçinin "Mastercard, "Discover Financial Services, "DinersClub, "American Express, "Samsung Pay, "UnionPay, "Ernst & Young, "Deloitte, "Moody-™s Investors Service, "PricewaterhouseCoopers LLP, "Yandex.Money, "SWIFT, Türkiyənin "Banklararası Kart Mərkəzi, "BPC Banking Technologies, "KOBIL Systems və sair kimi nüfuzlu maliyyə-texnologiya şirkətlərinin, xarici mərkəzi bankarın nümayəndələri də var. Ətraflı məlumatla bu linkdə tanış olmaq olar: https://gbmevents.az/III-banking-forum/ .
30-a yaxın mövzu ətrafında 2 gün davam edəcək müzakirələrdə xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaq.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.