Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-dən 28-dək İsveçrənin Cenevrə şəhərində keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasının 69-cu sessiyasında iştirak edib.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, sessiya çərçivəsində nazir Oqtay Şirəliyev ÜST-nin Baş direktoru Marqaret Çan, Avropa Regional Bürosunun direktoru Jujanna Yakab, Pakistan nümayəndə heyətinin rəhbəri S.A.Tarar, Latviya və Belarusun səhiyyə nazirləri G.Belevics və V.Zharko, Fransanın sabiq xarici işlər və səhiyyə naziri F.Duste-Blazy ilə görüşüb. Eyni zamanda Türkiyə, İran, Avstriya, Almaniya və Danimarkanın nümayəndə heyətlərinin rəhbərləri ilə də işçi görüşlər keçirilib.
ÜST-nin Baş direktoru Marqaret Çan və Avropa Regional Bürosunun direktoru Jujanna Yakab ilə görüşlərdə təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb. Həmçinin səhiyyə sahəsində ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib, ÜST çərçivəsində dövlətlərin qarşılıqlı şəkildə bir-birinə dəstək verməsinin vacibliyi vurğulanıb.
Mayın 26-da Azərbaycan nümayəndə heyəti Cenevrədə yerləşən QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda görüş keçirib. Görüş zamanı Qlobal Fondun qrantların idarə edilməsi departamentinin rəhbəri Mark Eldon-Edinqton Azərbaycanda sözügedən xəstəliklərə qarşı aparılan mübarizəni yüksək qiymətləndirib.
Sonra Azərbaycan Respublikası ilə Qlobal Fond arasında yeni Çərçivə Sazişi imzalanıb.