"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən diplomatik irəliləyişlər var. Amma Ermənistan tərəfi torpaqları sülh yolu ilə azad etməyə razılaşmasa müharibə qaçınılmazdır".
Unikal.org xəbər verir ki, bunu cəbhə xəttində yerləşən Tərtər rayonunda səfərdə olan baş nazirin müavini Əli Əhmədov bildirib.
O bildirib ki, münaqişənin qan tökülmədən həll olunması üçün qarşı tərəf işğal altındakı ərazilərdən çıxmalıdır.
"Münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıyıq. Azərbaycan Respublikasının prezidenti dəfələrlə dövlətimizin, xalqımızın və şəxsən prezident olaraq özünün mövqeyini ifadə edib. Əgər bu şərtlər altında münaqişə həllini tapmasa problemi həll edən amil, əlbəttə, Azərbaycanın əsgəri olacaq",- deyə Əli Əhmdov bildirib.
Baş nazirin müavini aprel döyüşlərində fərqlənən hərbiçilərlə də görüşüb. Əsgər və zabitlərə hədiyyələr təqdim edildi.
Daha sonra baş nazirin müavini və millət vəkilləri təmas xəttində yerləşən Qapanlı kəndində oldular. Hökumtə rəsmisi ərazidə aparılan bərpa işləri ilə maraqlanıb. Ümumilikdə, aprel döyüşləri zamanı Tərtər ərazisində 256 ev zərər görüb. Onlardan da 32 i birinci dərəcəli dağıntı hesab edilir. Bərpa işləri dövlət başçısının ayırdığı vəsait hesabına aparılır.