İmperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinindən gələn nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. 

Unikal.org xəbər verir ki, qonaqları universitetin rektoru, professor Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə prorektorlar, fakültə dekanları və müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.

Rektor qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Sonra G. Məmmədova qonaqlara rəhbərlik etdiyi universitet haqqında qısa məlumat verib, universitetin fakültə və ixtisaslarından danışıb, beynəlxalq əlaqələrinə toxunub.

İmperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin rektoru Aleksandr Panıçev rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, fakültələri, verdiyi ixtisaslar, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat verib. O vurğulayıb ki, universitetlər arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq səmərəli nəticələr verə bilər.

Görüşdə hər iki universitet arasında gələcəkdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, ikili diplom layihələri, tələbə-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi və s. məsələlərə toxunulub.

Sonda hər iki təhsil müəssisəsi arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Əməkdaşlıq müqaviləsi imzalanıb.