Rasmussen: "Azərbaycanın bu qərarı bizi çox narahat edir"
Rasmussen: "Azərbaycanın bu qərarı bizi çox narahat edir"

Bəli, başlandı... Və çox sərt şəkildə başlandı. Sanki bütün Avropa məhz bunu gözləyirmiş - Ramil Səfərovun əfv edilməsini...

Bunu dəqiq bilirik: Avropa Birliyi Ermənistanın qara gözlərinə aşiq deyil.
Və bunu da dəqiq bilirik ki, Avropa Birliyi Ramil Səfərovu əliqanlı cəllad da hesab etmir.
Sadəcə, avropalılar öz aləmlərində yenə də “İlanı Seyid Əhmədin əliylə tutmaq” şansı əldə ediblər.
Fikrimizcə, dəqiq hesablamaq lazımdır ki, indiki mərhələdə Avropa Azərbaycandan daha nələri qoparmaq istəyir...
Avropa İtaliyanın keçmiş baş naziri Berluskoninin timsalında, Fransanın keçmiş prezidenti Sarkozinin nümunəsində vaxtilə Qəddafidən qopardığını qopardı, sonrası isə məlumdur...
Və budur, Şimali Atlantika Müqavilə Təşkilatının baş katibi Anders Foq Rasmussen Təşkilatın aylıq iclasında çıxışı zamanı Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı fikir səsləndirib. Rasmussen bildirib ki, Azərbaycan hökumətinin belə bir addım atması böyük narahatlığa səbəb olub.
Onun sözlərinə görə, Səfərovun azad edilməsi bölgədə sülhün və stabilliyin əldə edilməsi üçün davam etdirilən proseslərin ləngiməsinə səbəb olacaq. Qarabağ məsələsinin həllinə gəlinəcə isə, Rasmussen, qeyd edib ki, bu məsələ Minsk Qrupunda gündəmə gətirilməli və müzakirə olunmalıdır.
"Mən bir daha təkrar etmək istəyirəm ki, Azərbaycanın bu qərarı bizi çox narahat edir. Ötən həftə bölgəyə səfərim zamanı tərəflər arasında münaqişə yaranmaması üçün barışıq və əməkdaşlığın vacib olduğunu vurğuladım. Təəssüf ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa vasitəçi olan bir qurum deyil. Biz məsələ ilə bağlı NATO-nun Çikaqo sammitində öz mövqeyimizi bildirmişik. Burada Minsk Qrupunun fəaliyyəti vacib əhəmiyyət kəsb edir", - deyə Rasmussen sözlərini ifadə edib.
Hüquq müdafiəçisi Səadət Bənənyarlının sözlərinə görə, “Qərbi Avropa dövlətləri və o cümlədən bir sıra beynəlxalq təşkilatlar Azərbaycana münasibət baxımından yenə də öz ənənələrinə sadiq qalırlar: istənilən faktdan, vəziyyətdən istifadə edərək Azərbaycanı mümkün qədər küncə sıxışdırmaq və bundan yararlanıb istədiyini qoparmaq. Sırf hüquq normaları baxımından adi bir hadisə baş verib: Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərov Azərbaycana ekstradisiya edilib və Azərbaycan Prezidenti də ölkə konstitusiyasının ona verdiyi səlahiyyətlər çərçivəsində davranaraq Ramil Səfərovu əfv edib. Dünyada hər il minlərlə insan əfv edilir, lakin bu faktların heç biri bu qədər gərginliyə və müzakirəyə səbəb olmur. Deməli, Azərbaycanın atdığı hüquqi addım yenə də siyasi maraqlar burulğanına düşüb və hər bir tərəf bundan bacardığı şəkildə fayda götürməyə çalışır. Mən inanıram ki, Azərbaycan bütün bu sıxıntılardan çıxmağı bacaracaq”.
Hüquq müdafiəçisi bildirdi ki, Ermənistanın bu günki prezidenti Serj Sərkisyan 1994-cü uldə bakı metropolitenində törədilmiş terror aktının birbaşa təşkilatçısı olub və bu, məhkəmə qaydasında faktlarla sübut edilib. Nə əcəb NATO-nun baş katibi və ya beynəlxalq qurumlar bunu qulaqardına vururlar? Çünki Ermənistan prezidentinin terrorçu kimi tanınması onların siyasi maraqlarına uyğun deyil”.
Hüquq müdafiəçisi hesab edir ki, “Ona görə də Azərbaycan cəmiyyəti xüsusən indiki mərhələdə daha da həmrəy olmalıdır ki, üstümüzə gələn təzyiqləri dəf edə bilək. Bu sırada hazırda həbsxanada olan siyasi məhbusların da yubadılmadan əfv edilməsi bu istiqamətdə olduqca faydalı bir addım ola bilərdi”.
Borçalı Birliyinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, “Fikrimcə, Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərovun vətənə ekstradisiya edilməsindən sonra dərhal əfv edilməsində bir qədər tələsikliyə yol verilib. Amma mən bütövlükdə bu prosesi təqdir edirəm. Hazırda Avropada bu hadisə ilə bağlı yaranmış gərginliyi xeyrimizə həll etmək bir qədər çətin olacaq. Bununla belə, hesab edirəm ki, hüquqi prosedurlarla vətənpərvərlikdən irəli gələn emosional yaşantıları qarışdırmaq lazım deyil. Biz son iyirmi ildə həmişə məhz bu yanaşma tərzi sərgilədiyimizə görə çox zaman məğlub olmuşuq”.
Zəlimxan Məmmədlinin sözlərinə görə, “Borçalı elatı Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi onun prezident tərəfindən əfv edilməsini birmənalı şəkildə dəstəkləyir və hadisəni ruh yüsəkliyi ilə qarşılayıb”.
Savalan