Moskva dairə Arbitraj Məhkəməsi Çerkizovo bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi, iş adamı Telman İsmayılovun müflis elan edilməsi qərarını ləğv etmiş Apellyasiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.
«RİA Novosti»nin xəbərinə görə, Moskva vilayətinin Arbitraj Məhkəməsi ötən ilin dekabr ayında vətəndaş Boris Zubkovun ərizəsi əsasında İsmayıloviu müflis elan etmiş və onun əmlakının satışı proseduruna başlamışdı. Lakin 2016-cı ilin mart ayında Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdi. Məhkəmə Zubkovun İsmayılova 15 milyon rubl pul verməsi iddiasını sübuta yetirilməmiş hesab etmiş və müvafiq olaraq, müflis elan olunma tələbinə gətirib çıxaran borclanma hadisəsinin baş vermədiyi qərarına gəlmişdi.
25 fevral tarixinə qədər İsmayılov barəsində 10 kreditordan tələb daxil olub. Bunlardan doqquzu hüquqi, biri isə fiziki şəxsdir. VTB qrupuna daxil olan «Moskva Bankı» Telman İsmayılova 286,4 milyon dollar və 3,4 milyard rubl tələb irəli sürüb. Bundan əlavə, bir sıra Kipr şirkəti 120 milyard rublluq iddia ilə çıxış edib. «Atlant-finans» Qapalı İnvestisiya Pensiya Fondunun idarəedicisi olan «İK Kapital» MMC 5,6 milyard və 6,8 milyon rubl tələb irəli sürüb. Nəhayət, vətəndaş Maşitski 2 milyard rubl tələb edir.
(virtualaz.org)