Həftəsonunun ən mühüm siyasi olaylarından biri Rusiya prezidenti Valdimir Putinin Yunanıstanda səfərdə olarkən verdiyi bəzi açıqlamalar oldu. Putinin, xüsusən də Türkiyə ilə münasibətlərin perspektivi barədə söylədikləri diqqət çəkdi.
Xatırladaq ki, Afinada keçirilən mətbuat konfransında Rusiya lideri bu mövzuda danışarkən ənənəvi sərt və davakar leksikon yox, ilk dəfə olaraq yumşaq ritorika seçib və Moskvanın Ankara ilə barışmaq istədiyini deyib.
Sitat: "Su-24 olayına baxmayaraq, Rusiya Türkiyə ilə əlaqələrini bərpa etmək niyyətindədir. Biz Türkiyə tərəfindən hansısa izahat, o cümlədən ziyanın ödənilməsi barədə izahat eşitmədik. Yalnız əlaqələrin bərpa olunması istəyi haqda bəyanatlar eşitdik. Biz də əlaqələri bərpa eləmək istəyirik. Bu əlaqələri biz pozmamışıq. Bu kimə lazım idi, hələ də anlaya bilmirəm. Rusiya ilə əlaqələrin bərpası istəyi ilə yanaşı, Ankaradan bu istiqamətdə müəyyən izahat gözləyirik. Hələ ki, bu yoxdur".
Putinin bu açıqlaması əslində Ankaraya mesajdır ki, barış üçün üzrxahlığa bənzər istənilən jest artıq məqbul sayıla bilər. Bu məqama yenidən qayıdacağıq. Ancaq şübhə yox ki, iki böyük dövlətin barışması bölgədə yeni bir situasiya demək olardı və region qismən rahat nəfəs alardı.
Barışıq, əlbəttə ki, Azərbaycanın da köklü maraqlarına təsirsiz ötüşməyəcək. İlk öncə Qarabağ münaqişəsini nəzərdə tuturuq. Çünki Moskva və Ankaranın məsələdə ortaq əməkdaşlığı təzədən gündəmə qayıda bilərdi. Ola bilsin, o halda - müharibə məsələsində Azərbaycanın əl-qolu bağlansın - Kremlin xahişi, Ankaranın Bakıya təsiri ilə. Amma əvəzində bir neçə rayonun geri qaytarılması tezləşə bilər.
Sual da budur ki, bir neçə rayondan sonra konflikt Moskvanın ssenarisi üzrə yenidən dondurulmayacaq ki? Bu suallar barışığın özü qədər hələ ki, qaranlıq qalır...
Sözsüz ki, Rusiya-Türkiyə münasibətlərinin əvvəlki normal məcraya qayıtması bütün hallarda Güney Qafqazda, Qarabağ münaqişəsi zonası ətrafında hərbi gərginliyi xeyli azaldar, konfliktlə bağlı dialoq imkanlarını genişlənirərdi. Ancaq bunun tezliklə regionun ən üzücü probleminin həllinə gətirəcəyini söyləmək asan deyil, çünki Kremlin "ipinə odun yığmaq" riskli də ola bilər.
Hər halda acı təcrübə var: Rusiya-Türkiyə münasibətləri 24 noyabradək kifayət qədər yüksək səviyyədə olub, amma o vaxt Qarabağ məsələsinin həllində ciddi dönüş qeydə alınmadı - baxmayaraq ki, işğalçı Ermənistan bu əlaqələrdən bərk narahatlıq keçirirdi. Hətta bəzi erməni politoloq və ictimai xadimlər iddia edirdilər ki, Moskva və Ankara bağlı qapılar arxasında Ermənistanın və Qarabağın taleyini həll eləmək üçün separat danışıqlar içindədir.
Doğrudur, o zaman daha çox "Lavrov planı"ndan danışılırdı. Onu indi "Kazan variantı" da adlandırırlar. Məlumdur ki, bu variant məhz apreldəki 4 günlük müharibədən sonra gündəmə gəlib. Çünki Azərbaycan ordusunun blits-hərbi uğuru status-kvonu dəyişib, keyfiyyətcə yeni situasiya yaradıb.
24 noyabr təyyarə insidentindən sonra, Rusiya-Türkiyə əlaqələri korlandıqdan sonra situasiyada, bölgədə baş verən ən mühüm dəyişikliklərdən biri də elə budur - Qarabağ məsələsində status-kvonun dəyişməsi. Moskva bunu ciddiyə almaq zorundadır. Əks halda yeni və daha böyük müharibə qaçılmaz olacaq - Kremldə bunu yaxşı bilirlər.
Müharibə isə Rusiyanın Türkiyə ilə qarşı-qarşıya gəlməsi deməkdir. Lakin Kreml bunu da istəmir. Qarabağa görə, ermənilərə görə birdən-birə bölgənin iki mühüm dövlətini - Türkiyəni və Azərbaycanı bəlli səbəblərdən itirməkdən çəkinir. Bunun marağında deyil. Təsadüfi deyil ki, Afinada Putin belə bir fikir də söyləyib ki, "Rusiya Türkiyə ilə heç vaxt hərbi toqquşma vəziyyətinə gəlməyəcək, bu - istisnadır".
Ankara-Moskva barışığı bu toqquşmadan qaçmağın ən etibarlı zəmanəti olardı. İki ölkəni qısa sürədə anlaşmağa gəlməyə, "qaldıqları yerdən" əlaqələrə və əməkdaşlığa davam etməyə sövq edən mühüm faktorlardan digər biri bu hesab oluna bilər - yeni Qarabağ müharibəsi riskinin təhlükəli ölçüdə artması, müharibənin qapını kəsdirməsi. Müharibə, sözsüz ki, barışıq üçün olan-qalan imkanları da dəfn edərdi.
Növbəti mühüm amil Güney Qafqazda hərbi-siyasi durumun son vaxtlar sürətlə Rusiyanın ziyanına dəyişməsi ilə bağlıdır. Söhbət Gürcüstanda ABŞ-ın, NATO-nun möhkəmlənməkdə davam edərək, hərbi təlimlər keçirməsi, orada artıq özünün hərbi bazasını qurması, paralel surətdə NATO üzvü Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın güclənməkdə olmasıdır. Artıq üç ölkənin ilk birgə təlimlərinin anonsu da verilib. (Barışığı zəruri edən başqa, yan amillər də mövcuddur: Türkiyə üçün turizm sezonunun başlaması, Rusiyanın isə iqtisadi durumunun aybaay ağırlaşması və s.)
Güney Qafqaza gəlincə, baş verənlərin fonunda Kremlin Cənubi Qafqazda qalması üçün Qarabağ məsələsi indi bəlkə də yeganə və sonuncu optimal vasitədir. Yetər ki, Moskva nə qədər gec deyil, onun həllinə praqmatik yanaşsın, Türkiyə ilə birgə elə bir həll formulu təklif eləsin ki, özü də daxil, hamı uduşda olsun, bölgə nəhayət, rahat nəfəs alsın, Rusiyanın maraqları da ümumən təmin olunsun.
Belə bir formul isə mümkündür və o, müstəsna olaraq Rusiya rəhbərliyinin siyasi iradəsinə bağlıdır. Yox, Kreml yenə inkar yolunu seçəcəksə, o zaman çoxlu qanlar bahasına olsa da, o, gec-tez bölgədən tamamilə vurulub çıxarılacaq, forpost Ermənistan, "erməni kartı" da köməyə gəlməyəcək. Bu "kart" bəlkə də XIX, XX əsrlərdə Rusiyanın yaxşı karına gəlib. Ancaq XXI əsrdə... çətin.
Əlavə edək ki, iyunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Ehtimal var ki, görüşün təşkilatçısı Moskva olacaq və bununla o, yeni müharibə riskini azaltmağa çalışacaq. Əgər həmin görüşə kimi Rusiya-Türkiyə barışığı da baş tutsa, o zaman yeni Qarabağ müharibəsi xeyli dərəcədə gündəmdən çıxmış olardı. Amma nə vaxta kimi çıxmış olacaq - bu, artıq növbəti taym-autdan öncəliklə Kremlin nə dərəcədə səmərəli istifadə edəcəyindən asılı olacaq.
Durumun özəlliyi və həssaslığı, heç şübhəsiz, Türkiyə tərəfindən də başa düşülür. Ötən yazılarımızın birində ehtimal elədiyimiz kimi, mümkündür ki, qarşılıqlı faydalı barışığı tezləşdirmək naminə Türkiyənin yeni baş naziri Binəli Yıldırım 24 insidentinə görə Moskvadan hansısa formada üzrxahlıq da eləsin - Rusiyaya qiymətli siyasi avans olaraq. Ondan sonra top artıq Rusiyada olacaq. O cümlədən Qarabağ məsələsində.
Yeni Müsavat