Hacıqabul rayonunda 19 yaşlı nişanlı qızın - Kifayət Ağayevanın intihar etməsinin səbəbləri açıqlanıb.
 
Unikal.org xəbər verir ki, bu barədə aznews.az-a Hacıqabul rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilib ki, intihara səbəb ailə-məişət zəminində baş vermiş hadisə olub: "Qız evi istəyib ki, toy tez olsun. Amma oğlan hərbi xidmətə getmədiyindən və maddi imkanları aşağı olduğundan deyiblər ki, vəziyyət düzəlsin, toyu onda edərik. Qızın anası da deyib ki, get zəng elə, oğlana de ki, ya evlənsin, ya da nişanı qaytarırıq".
 
Prokurorluqdan onu da bildiriblər ki, hazırda istintaq gedir: "Araşdırmada müəyyən olunsa ki, qızı intihara sürükləyən şəxslər var, onlar həbs olunacaq".
 
Xatırladaq ki, mayın 28-də Hacıqabul rayonunda intihar hadisəsi qeydə alınıb. 1997-ci il təvəllüdlü Ağayeva Kifayət Vadar qızı yaşadıqları evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə tapılıb.
 
Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq davam edir.
 
*****
 
28 may
 
Hacıqabul rayonunda 19 yaşlı qız intihar edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 14 radələrində rayonun S. Almazov küçəsi 41 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Ağayeva Kifayət Vadar qızı yaşadıqların evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə tapılıb.
 
Yaxınlarının bildirdiyinə görə, K. Ağayeva nişanlı olub. İntiharın səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.