İndiki dövrdə insanları ən çox narahat edən problemlərin başında bel və boyun ağrıları gəlir. Oturarkən düzgün pozanı seçməmək, hərəkətsizlik və artıq kilo bu problemlərin artıq gənc yaşlarda da qapımızı döyməsinə səbəb olur. Bəs insanın həyat keyfiyyətini aşağı salan ağrılardan xilas olmaq üçün nə etmək lazımdır?

Türkiyənin tanınmış həkimlərindən Halil Alqan bu tip ağrıların əsas səbəbini gün ərzində onurğaya zərər verən yanlış davranışlarla izah edir. Belə ki, onurğanın sağlamlığını qoruyaraq ağrılardan xilas olmaq mümkündür.
 
Unikal.org həkimin məsləhətlərini təqdim edir:
 
1.Hərəkətsiz həyat tərzi
 
Hərəkətsiz həyat tərzi onurğa üçün ən böyük təhlükədir. Həkim Halil Alqan yaşından asılı olmayaraq hər kəsin gündə ən az yarım saat açıq havada asta sürətlə qaçmasını tövsiyə edir.
 
2.Artıq kilo
 
Kilo onurğadakı disklərə düşən yükü artırdığı üçün əsl təhlükə mənbəyi hesab edilir. Arıqlayın və ideal kilonuzu qoruyun.
 
3.Yumşaq yataq
 
Hər kəs yumşaq bir divan və yataq istəyir. Ancaq heç kim yumşaq yataqda yatmağın nə qədər təhlükəli olduğunu bilmir. Doğru yataq seçimi onurğa sağlamlığı üçün çox vacibdir. Əgər onurğa səbəbli ağrılardan şikayətçisinizsə, daha sərt yataqda yatın. Yatarkən dizlərin arasına və altına yastıq qoymaq da yaxşı təsir edəcək.
 
4.Uzun müddət eyni mövqedə oturmaq
 
Onurğa disklərinə ən çox təzyiq düşən insanlar ofis işçiləridir. Davamlı olaraq oturmaq olmaz. Oturaq iş şəraitinə məhkum olanlar heç olmasa 20-30 dəqiqədən bir masa başından qalxıb bir az gəzməlidir. Xroniki onurğa ağrıları ofis işçilərini təhdid edən ən böyük problemlərdən biridir.
 
5.Hündürdaban ayaqqabı
 
Cürbəcür modelləri və rəngləriylə qadınların ağlını başından alan hündürdaban ayaqqabılar, təəssüf  ki, sağlamlığın ən böyük düşmənləridir. Mütəmadi olaraq bu tip ayaqqabılar geyindikdə onurğa xəstəliklərinə yaxalanmaq riski artır. Ayaqqabı rahat olmalı və ayaqlar önə doğru sürüşməməlidir.