IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri rayonlarının İcra hakimiyyətlərinin dəstəyi ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.
Unikal.org xəbər verir ki, "Bizim həyət layihəsi çərçivəsində abadlaşdırılan daha bir həyət sakinlərin istifadəsinə verilib. Yenilənən həyət Xətai rayonu, Afiyyəddin Cəlilov küçəsi 11, Fəzail Bayramov küçəsi 5, Firuz Qənbərov küçəsi 6 və Serqey Senyuşkin küçəsi 10 ünvanlarda 600 nəfər sakinin yaşadığı 4 ədəd beş mərtəbəli binaları əhatə edir.
"Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan ümumi sahəsi 6500 kv.metr olan həyətdəki binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Binaların girişləri əsaslı təmir olunmuş, giriş qapıları müasir standartalara uyğun olaraq yeni kod tipli qapılarla əvəz olunub, girişlərdəki köhnə pəncərələr yeniləri ilə əvəz olunmuş, binaların kürsü hissəsi aqlay üzlük daşı ilə üzlənərək fasadları əsaslı təmir olunub. Binaların girişlərindəki sakinlər tərəfindən quraşdırılmış qeyri qanuni tikililər sökülərək girişlər əvvəlki vəziyyətinə gətirilib.
Həyətdə yerləşən xeyir-şər evi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Həyətə yeni müasir tipli oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.
Qeyd edək ki, "Bizim həyət layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib.