Xalq cəbhələri partiyalarının birləşməsi ideyası yenidən gündəmə çıxarıldı
13:10 13-09-2012
CƏMİYYƏT
Xalq cəbhələri partiyalarının birləşməsi ideyası yenidən gündəmə çıxarıldı
Azərbaycan siyasi gündəmi üçün aktual olan cəbhələrin birləşməsi mövzusu yenidən aktuallaşıb. Bu dəfə təşəbbüs Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) funksioneri Qaya Əliyevdən gəlib. Partiyanın digər rəsmisi Fikrət Cəfərov isə ona bu məsələdə dəstək verir. Lakin Q.Əliyevin bu təşəbbüsü partiya rəhbərliyində isti qarşılanmayıb. KXCP Ali Məclisinin sədri Bəybala Əbil, əslində, birləşmə məsələsinə qarşı olmadıqlarını, lakin bunun təqdimat formasını qəbul etmədiklərini bildirib:
"Birləşmə mövzusu həmişə aktual olub. Dünən də, bu gün də, sabah da. Milli demokratik platformada olan partiyaların, xüsusən AXC-dən çıxmış partiyaların bir yerdə olması vacibdir. Bunu da şərtləndirən bir sıra problemlər var. Azərbaycan torpaqlarının hələ də işğal altında olması, ölkədə demokratik islahatların aparılmasına olan ehtiyac, Xalq Cəbhəsinin qarşısına qoyduğu digər hədəflər və s. Yəni Azərbaycanın müstəqilliyinin bərpasına nail olmuş bir təşkilatın varislərinin növbəti hədəflərə də birlikdə nail olmaları üçün güclərin birləşdirilməsinə ehtiyac var. Bu zərurəti KXCP-də də hər kəs, sədr başda olmaqla, sıravi üzvlərə qədər anlayır və qəbul edir. Kim bunun əheyhinə gedə bilər? Kim deyir ki, biz birləşməyə qarşıyıq?"
Onun dediyinə görə, "Belə bir ağır məsələdən siyasi alver etmək istəyənlər var. Xalq Cəbhəsinin birləşməsi ilə bağlı problem elə AXCP-də parçalanma baş verən vaxtdan - 2000-ci ildən bəri davam edir. Bu məsələ zaman-zaman kimlərsə tərəfindən gündəmə gətirilir. Birləşmə məsələsinin ən pik nöqtəsi 2002-ci ildə oldu. O zaman bununla bağlı iki tərəf hətta təşkilat komitəsi də yaratdı. Birləşdirici qurultayın keçirilməsi haqda razılıq da vardı. Amma o zaman bu birlik baş tutmadı.
Mənim fikrimcə, indiki dövrdə birləşmə ilə bağlı təşəbbüsləri ayrı-ayrı fərdlər deyil, təşkilatlar irəli sürməlidirlər. Təşkilatlarda isə kiminsə bununla bağlı fikri, niyyəti varsa, ilk növbədə partiya daxilində, rəhbər strukturlarda müzakirəyə çıxarmalıdır. Və hər kəsdən əvvəl gəlib sədrinə deməlidir ki, belə bir təşəbbüslə çıxış etmək istəyirəm. Əgər sən bir siyasi partiyanın üzvüsənsə, fikrini sədrə və rəhbərliyə mətbuat üzərindən çatdırmamalısan. Digər tərəfdən, bu birləşmə məsələsinin kimin tərəfindən irəli sürülməsi də önəmlidir. Məsələn, könül istərdi ki, hansısa ziyalı bununla bağlı təklif irəli sürsün, tərəflərlə görüşlər keçirsin".
Funksionerin sözlərinə görə, "Hər dəfə bu məsələ gündəmə gələndə partiyalarda böyük problemlər yaşanır, itkilər olur. Yadınıza salın, 2002-ci ildə birləşmə adı altında nə qədər adam partiyalardan getdi. Yaxud iki il əvvəl İsa Qəmbər AXCP ilə Müsavat Partiyasının bir təşkilatda birləşməsi ideyasını səsləndirmişdi. Görün ondan sonra Müsavat nə qədər itkilər yaşadı. Partiya rəhbərliyindən nə qədər adam getdi. Bu baxımdan, belə həssas məsələlərlə bağlı hamının danışması doğru deyil. Çünki hakimiyyət və başqa qüvvələr də belə situasiyalardan məharətlə istifadə edir".
Azərbaycan milli-azadlıq hərəkatının lidelərindən biri, millət vəkili Fərəc Quliyev bizimlə söhbətində dedi: "Mən məhbəsdə olanda Azərbacan Xalq Cəbhəsi artıq üç yerə bölünmüşdü. Həbsdən çıxandan sonra var gücümlə çalışdım ki, bölünmüş təşkilat sırf siyasi qurum halında yenidən birləşsin, amma bütün səylərimə baxmayaraq bu qurumların bütövləşməsində marağı olmayan lidrlərin "xidmət"ləri sayəsində cəhdlərim səmərəsiz qaldı. İndi isə bu məsələni yenidən gündəmə gətirirlər. Əgər birləşəcəkdinizsə, o zaman niyə ayrılırdınız?"
Millət vəkilinin sözlərinə görə, "AXC-nin o zaman üç yerə parçalanması ənənəvi siyasi dəst-xətt ayrılığı üzündən baş vermədi. Yəni milli-azadlıq hətəkatında müstəsna xidmətləri olan bu qurumu şəxsi iddialar və maraqlara görə parçaladılar. Hazırda üç yaxın ad altında fəaliyyət göstərən bu partiyaların proqram və nizamnamələrini nəzərdən keçirtsəniz, görərsiniz ki, onarın proqram və nizamnamələrinin arasında olduqca cüzi fərqlər müşahidə olunur. Yəni parçalamanın kökündə siyasi-ideoloji prinsiplərin müxtəlifliyi durmurdu".
Fərəc Quliyev hesab edir ki, "AXCP, KAXCP və BAXCP-nin yenidən birləşməsi, sadəcə, qeyri-mümkündür. Bu partiyaların liderləri və funksionerləri bir-birlərindən dünya görüşcə o qədər uzaq düşüblər və o qədər fərqli maraqlara malikdirlər ki, onların danışıqlar masası axasında əyləşəcəklərini və hətta konstruktiv danışıqlara başlayacaqlarını təsəvvür etməyin özü ciddi sadəlövhlük olardı".
Natiq
Digər Xəbərlər
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34