ABŞ-ın raketdən müdafiə agentliyi və Pentaqonun podratçısı "Reyteon" şirkəti ballistik raketləri kosmosda aşkarlayıb məhv etmək üçün nəzərdə tutulan SM-3 raketinin yeni modifikasiyasını sınaqdan keçirir.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, sınaqlar başa çatdıqdan sonra raketlər tezliklə ABŞ-n Avropada raketdən müdafiə sisteminin tərkib hissəsi kimi Polşa ərazisində yerləşdiriləcək. Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın bu addımlarına cavab olaraq Polşanın Rusiya nüvə raketlərinin hədəfinə çevrildiyi haqda xəbərdarlıq edib.
SM-3 raketlərinin eni modifikasiyası olan SM-3IIA raketi orta və yaxın mənzilli ballistik raketlərin kosmik hündürlüklərdə aşkar edilərək kinetik zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Raketlərin Polşada yerləşdirilməsi Pentaqonun Avropada raketdən müdafiə proqramının bir hissəsi olan "Aegis Ashore" sisteminin tərkib hissəsi olacaq. Bundan əvvəl Pentaqon həmin sistemin elementlərindən birini-"Aegis" sahil kompleksini Rumıniya sahillərində yerləşdirib.
Pentaqon bildirir ki, SM-3IIA raketləri Rusiya, İran və digər bu kimi ölkələrin potensial raket hücumlarından Avropanın müdafiəsi üçün nəzərdə tutulub. Həmin raketlər Avropadakı hədəflərə buraxılan ballistik raketləri kosmosda məhv edəcək. SM-3IIA raketliyinin özəlliyi onun döyüş başlığı daşımamasındadır. Raket hədəfi kinetik zərbə ilə məhv edir, yəni ona dəyərək parçalayır.
Pentaqonun Avropada raketdən müdafiə sistemini yerləşdirməsi Rusiyanı olduqca narahat edir. Ötən həftə prezident Vladimir Putin xəbərdarlıq edib ki, Polşa və Rumıniya Rusiya raketlərinin hədəfinə çevriləcək. Onun sözlərinə görə, Moskva dəfələrlə xəbərdarlıq edib ki, cavab tədbirləri görməli olacaq. Lakin Vaşinqton və müttəfiqləri bu xəbərdarlığa məhəl qoymur. "Əgər dünənə qədər Rumıniya ərazisinin bir hissəsində hədəfdə olmağın nə demək olduğunu dərk etmirdilərsə biz bu gün öz təhlükəsizliyimizi təmin etmək üçün müəyyən tədbirlər görməli olacağıq"-Putin deyib. "Bu xəbərdarlıq Polşaya da aiddir"-o əlavə edib.
Putin deyib ki, ABŞ Avropada raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsinin Rusiyaya qarşı yönəlmədiyini deyir, ancaq buna heç kim inanmır. "Biz 2000-ci illərin əvvəllərindən təkrarlayrıq ki, cavab tədbirləri görməyə məcbur olacağıq. Lakin heç kim bizi eşitmir. Bizimlə danışıqlar aparmaq istəyən yoxdur"-Rusiya prezidenti deyib.